Məzmuna keç

Görkəmli dövlət xadimi

Vikimənbə saytından
Görkəmli dövlət xadimi (2012)
Müəllif: Araz Yaquboğlu
Mənbə: Araz Yaquboğlu, "Görkəmli dövlət xadimi", "Respublika" qəzeti, № 112(4401), 23 may 2012-ci il.

Göyçə adı gələndə öncə qənirsiz təbiət gözəlliyi, unikal bədii təfəkkürə malik saz-söz xiridarları, qılınc tutub, at oynadan oğuz türkləri yada düşür. Sazın-sözün qanad açıb pərvazlandığı bu diyarda böyük bir epoxanın yaradıcısına çevrilən göyçəlilərin bədii dəyərlərlə bahəm elmin inkişafında da müstəsna xidmətləri olmuşdur. Azərbaycanımızın çiçəklənməsində elm adamlarının, ictimai, siyasi dövlət xadimlərinin səmərəli fəaliyyəti bu gün də, sabah da gələcək nəsillər üçün bir örnəkdir. Adı gələndə həmişə ehtiramla xatırladığımız Yunis Rzayev, Qəşəm Aslanov, Zülfü Hacıyev, Zərbalı Qurbanov, Səfiyar Musayev və adını qeyd etmədiyimiz neçə-neçə ictimai dövlət xadimlərinin yeri həmişə görünür. Adını çəkdiyimiz görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətləri haqqında zaman-zaman yazılar yazılımış, geniş ictimaiyyətə təqdim olunmuşdur. Bu yazımızda isə tanınmış dövlət xadimi Təvəkkül Hüseynov haqqında, qısa da olsa, məlumat vermək istərdik.
Hüseynov Təvəkkül İslam oğlu 25 mart 1938-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində Zeynallılar nəslində anadan olmuşdur. Orta təhsilini doğma Daşkənd kənd orta məktəbində əla qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Gəncə Yüngül Sənaye Tеxnikumuna qəbul olmuşdur. Təvəkkül Hüseynov 1957-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirərək elə həmin il Özbəkistandakı Daşkənd Politexnik İnstitutuna daxil olmuşdur. 1962-ci ildə ali təhsilini başa vuran Təvəkkül Hüseynov təyinatla Mingəçevir Toxuculuq Kombinatına göndərilir və burada ilk əmək fəaliyyətinə başlayır.
1962-ci ildən 1973-cü ilə qədər həmin kombinatda sıravi mühəndislikdən başlayaraq müxtəlif vəzifələrdə işləmiş, 1973–75-ci illərdə Mingəçevir Toxuculuq Kombinatının baş direktoru vəzifəsində çalışmışdır. O, bir neçə dəfə Mingəçevir şəhər sovetinin deputatı və şəhər partiya komitəsinin büro üzvü seçilmişdir.
Azərbaycan KP MK yüksək biliyə, geniş dünyagörüşə, bacarıqlı və səriştəli təşkilatçılıq qabiliyyətinə malik olan Təvəkkül Hüseynovu nazirliyin təqdimatı ilə 1975-ci ildə Bakı Toxuculuq Kombinatına baş direktor təyin edir. Həmin dövrdə Heydər Əliyevlə görüşmüş, onun məsləhət və təkliflərini dinləmişdir. Bundan sonra çətin iqtisadi durumda olan kombinat qısa müddət ərzində rentabelli istehsalat müəssisəsinə çevrilir. İstehsal planları artıqlaması ilə yerinə yetirilir.
Respublika Yüngül Sənaye Nazirliyi Kollegiyasının üzvü olan Təvəkkül Hüseynov 1975–1978-ci illərdə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir. Onun gərgin və əzmkar fəaliyyəti həmin dövrdə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, haqqında xoş sözlər deyilmişdir.
1978-ci ildə Təvəkkül Hüseynov Azərbaycan SSR yüngül sənaye nazirinin birinci müavini vəzifəsinə təyin olunur. Həmin dövrdə yeni yüngül sənaye müəssisələri açılır, İttifaq respublikaları ilə geniş iqtisadi əlaqələr yaradılır. 1979-cu ildə Yevlaxda Yunun İlkin Emalı Zavodunun açılış mərasimində iştirak edən Azərbaycan SSR KP MK-nın birinci katibi Heydər Əliyev Təvəkkül Hüseynovun fəaliyyətini yüksək qiymətləndirir, dəyərli fikir və mülahizələrini bildirir. Heydər Əliyev bu görüşdə qeyd edir ki, MK sizi yüksək vəzifəyə təyin etməkdə yanılmamışdır.
Ömrü boyu mütaliə edən, texniki elmlər namizədi Təvəkkül Hüseynov 1980-ci ildə SSRİ Xalq Təsərrüfatı Akademiyasının məzunu olmuşdur. O, dəfələrlə elmi məqalələr yazmış, istehsal müəssisələrinə səmərələşdirici təkliflər vermişdir.
1982-ci ilə qədər yüngül sənaye nazirinin birinci müavini vəzifəsində çalışan Təvəkkül Hüseynov 1987-ci ildə Bakı Zərif Mahud Kombinatına direktor təyin olunur. 1989–1993-cü illərdə isə Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsinin Yunun İlkin Emalı və Tədarükü Baş İdarəsinin rəisi vəzifəsində işləyir.
Onun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, bir çox orden və medallara layiq görülmüşdür. Bu gün də vətənə, xalqa sədaqətlə xidmət edən Təvəkkül Hüseynovun xatirəsi hörmətlə yad edilir.