Məzmuna keç

Görmədim (Molla Pənah Vaqif)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Görmədim
Müəllif: Molla Pənah Vaqif
Mənbə: Molla Pənah Vaqif. Əsərləri. Bakı, "Şərq-Qərb", 2004

Mən cahan mülkündə, mütləq, doğru halət görmədim,
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim
Aşinalar ixtilatında sədaqət görmədim,
Biətü iqrarü imanü dəyanət görmədim,
Bivəfadan lacərəm təhsili-hacət görmədim

Xah sultan, xah dərvişü gəda bilittifaq,
Özlərin qılmış giriftari-qəmu dərdü fəraq,
Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq,
Munca kim, etdim tamaşa, sözlərə asdım qulaq,
Kizbü böhtandan səvayı bir hekayət görmədim

Hər sədavü səs ki, dünyaya dolub əksər əqəl,
Cümlə məkrü alü fənnü fitnədir, cəngü cədəl,
Dirhəmü dinar üçündür hər şeyə yapışsa əl,
Müqtədilərdə itaət, müqtədalərdə əməl,
Bəndələrdə simu bəylərdə ədalət görmədim.

Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman,
Hansı qəmli könlü kim, sən edər olsan şadiman,
О sənə, əlbəttə ki, bədguluq eylər, bigüman,
Hər kəsə hər kəs ki, etsə yaxşılıq, olur yaman,
Bulmadım bir dost ki, ondan bir ədavət görmədim.

Alimü cahil, müridü mürşidü şagirdü pir,
Nəfsi-əmmarə əlində sərbəsər olmuş əsir,
Həqqi batil eyləmişlər, işlənir cürmi-kəbir,
Şeyxlər şəyyad, abidlər abusən qəmtərir,
Hiç kəsdə həqqə layiq bir ibadət görmədim.

Hər kişi hər şey ki, sevdi, onu behtər istədi,
Kimi təxti, kimi taci, kimi əfsər istədi.
Padşahlar dəmbədəm təsxiri-kişvər istədi,
Eşqə həm çox kimsə düşdü vəsli–dilbər istədi,
Heç birində aqibət, bir zövqü rahət görmədim.

Mən özüm çox kuzəkarı kimyagər eylədim,
Sikkələndirdim qübari-tirəni zər eylədim,
Qara daşı döndərib yaquti-əhmər eylədim,
Daneyi xərmöhrəni dürrə bərabər eylədim,
Qədrü qiymət istəyib, qeyr əz xəsarət görmədim.

Eyləyən viranə Cəmşidi-Cəmin eyvanını,
Yola salmış, bil ki, bəzmi-işrətin çəndanını,
Kim qalıbdır ki, onun qəm tökməyibdir qanını,
Dönə-dönə imtahan etdim fələk dövranını,
Onda mən bərəkslikdən özgə adət görmədim.

Gün kimi bir şəxsə gündə xeyr versən səd həzar,
Zərrəcə etməz ədayi-şükri-nemət aşikar,
Qalmayıbdır qeyrəti şərmü həya, namusu ar,
Dedilər ki, etibarü etiqad aləmdə var,
Ondan ötrü mən də çox gəzdim, nəhayət, görmədim.

Müxtəsər kim, belə dünyadən gərək etmək həzər,
Ondan ötrü kim, deyildir öz yerində xeyrü şər,
Alilər xaki-məzəllətdə, dənilər mötəbər,
Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər,
İşlənən işlərdə ehkamü ləyaqət görmədim.

Dövlətü iqbalü malın axırın gördüm tamam,
Həşmətü cahü cəlalın axırın gördüm tamam,
Zülfü ruyü xəttü xalın axırın gördüm tamam,
Həmdəmi-sahibcəmalın axırın gördüm tamam,
Başədək bir hüsnü-surət, qəddü qamət görmədim.

Ya imam-əl-insü vəlcinnü şahənşahi-ümur,
Getdi din əldən, bu gündən böylə sən eylə zühur,
Qoyma kim, şeytani-məlun eyləyə imanə zur,
Şöleyi-hüsnünlə bəxş et tazədən dünyayə nur
Kim, şəriət məşəlində istiqamət görmədim.

Baş ağardı, ruzigarım oldu gün-gündən siyah,
Etmədim, səd heyf kim, bir mahi ruxsarə nikah,
Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah,
Vaqifə, ya rəbbəna, oz lütfünü eylə pənah,
Səndən özgə kimsədə lütfü inayət görmədim.