Görmədim (qoşma, Aşıq Alı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Görmədim Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.177 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Halay vurub, dəstə duran gözəllər,
Öz yarımın başqa tayın görmədim.
Qədəm qoydum bağçasına, bağına
Heyif ola, nübar payın görmədim.
Geyibsiniz çəpkən, başmaq, məsini,
Çox görmüşəm gözəllərin bəhsini.
Mən istərəm öz Bəstimin səsini,
Harayladım, bir yol hayın görmədim.
Nə salıbsız qiylü-qalı, bəsdi, bəs,
Aşıq Alı çox eşidib Bəsdi, “bəs”.
Lazım deyil başqa gözəl, Bəsdi bəs,
Bəsdi, - dedim, Bəsdi boyun görmədim.