Görməkdəyəm
Görməkdəyəm Müəllif: Cəfər Cabbarlı |
Milləti-məhzunu binitqü nida görməkdəyəm,
Mübtəladır cəhlə, dərdin bidəva görməkdəyəm.
Bağlamaq bel ya güvənmək çox çətindir zahidə,
Var itilgetməz beş-on cüt, yox olardan faidə!
Onlara içki-qumar olmuş pozulmaz qaidə.
Hamısın millət işində biəda görməkdəyəm,
Milləti-məhzunu binitqü nida görməkdəyəm.
Millətin çox yarısı hambaldır, palan ilə gəzir,
Üçdədördü falçı, rəmmaldır, yalan ilə gəzir,
Bir çoxu seyidnümadır, kim fəğan ilə gəzir.
Cümləsin rahi-həqiqətdən cida görməkdəyəm,
Milləti-məhzunu binitqü nida görməkdəyəm.
Milyonerlər Zinkanın eşqində olmuşlar cünun,
Hacılar Arşaq deyib dad eləyirlər qəlbi xun.
Əcnəbilər kandarında binəvalar gör zəbun.
Cümləsin mən əcnəbilərçin gəda görməkdəyəm,
Milləti-məhzunu binitqü nida görməkdəyəm.
Bircə bax bədbəxtliyə bu qəzetdə bihal olub,
Mey yazır, dilbər yazır, şair bizə dəllal olub,
Bu mühərrir də danışmaz zalım oğlu, lal olub.
Cümləsin millət yolunda bisəda görməkdəyəm,
Milləti-məhzunu binitqü nida görməkdəyəm.
Ay Baba, sən söylə barı millətin kirdarını,
Sürt üzünə çernili, tənqid elə hər karını,
Sən də, şair, söyləmə yarın ləbi-gülnarını,
Milləti onsuz da şürbə canfəda görməkdəyəm,
Milləti-məhzunu binitqü nida görməkdəyəm.
Yazgilən arsızları, görcək bərəltsin gözlərin,
Boynu şalbandan yoğundur, seyyidin, yaz sözlərin.
Müftəxordurlar axundlar, bəsləyirlər özlərin.
Mollalarımızdan çoxun mən bixuda görməkdəyəm,
Milləti-məhzunu binitqü nida görməkdəyəm.
Görmüşəm, görməkdəyəm, görrəm durunca ruzigar,
Etməyir saziş onunla çərxi-dövri-kəcmədar.