Görsəydim

Vikimənbə saytından
Görsəydim
Müəllif: Sarı Aşıq
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Gedərdi sinəmdən bu daği-həsrət,
Əgər sənin camalını görsəydim.
Əyilibən qəddim dönməzdi yaya,
İki əbrü hilalını görsəydim.

Dolanım başına, qibleyi-hacət,
Qurban olum sana, ey sərviqamət,
Qumru kimi bağlayardım itaət,
Sənin nazik nihalını görsəydim.

Hicranın əlindən yetmişəm cana,
Nə deyim dərdimi, gəlməz bəyana,
Baxmaram cənnətdə huri-qılmana,
Bircə ləhzə vüsalını görsəydim.

Kəbəyi-kuyindi Aşiqə merac,
Dərgahi-vəslinə tapılmaz əlac,
Səhrayi-xütəndən alardım, xərac,
Süzgün çeşmi-qəzalını görsəydim.