Götür niqabını xəlqə görün, ey şəmsü qəmər
Götür niqabını xəlqə görün, ey şəmsü qəmər Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.205. |
Götür niqabını xəlqə görün, ey şəmsü qəmər,
Görüb utana ləbindən nabatü şəhdü şəkər.
Gözünü nərgisə kimdir ki, bənzədir, yarəb,
O qafil bixəbər gör kim, necə qıldı nəzər.
Əbirü ənbər utandı camalını gördü,
Saçın xəyalına irməz məşami-badi-səhər.
Əzəl günündə oxudum üzündə uş taha,
Bu rəmzi kim, anı heç kimsə verməmişdi xəbər.
Səni bu lütf ilə kimdir deyən ki, ey dilbər,
Bu surət ilə sana kim dedi ki, üştə bəşər?
Əzəldə düşdü camalın təcəllisi Tura,
Ya Musa, anı mana sor ki, yandı nara şəcər.
Həqi bu rəsm ilə tanı, dəxi həqiqət bil
Ki, həq ilə yerü göy dopdoludur bəhr ilə bər.
Hur ilə insü mələk bəndə oldu cümlə sana,
Bu hüsnə aşiq olmayanın adı oldu həcər.
Qələndər ilə təcrid, fəna – üçü birdir,
Nə qəm, bu üçünə aləm olursa zirü zəbər.
Irişdi mö’cüzü həqqin Nəsimiyə çünkim,
Anın üçün ki, ana həq dedilər əhli-nəzər.