Məzmuna keç

Göyçədən başlayıb Amerikada bitən yol

Vikimənbə saytından
Göyçədən başlayıb Amerikada bitən yol (2020)
Müəllif: Araz Yaquboğlu, Firuzə Nəsibli
Mənbə: Araz Yaquboğlu, Firuzə Nəsibli. "GÖYÇƏDƏN BAŞLAYIB AMERİKADA BİTƏN YOL" (az.). goyce.az. 2020-05-09. 2020-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-11.

 

Qələbənin 75 illik yubileyinə


Göyçə mahalının Daşkənd kəndindən II Dünya Müharibəsinə 250 nəfər səfərbər olunmuş və bu çağırışçılardan təxminən yarısı, yəni 126 nəfəri itkin düşmüş və ya həlak olmuşdur. Qalanlardan 122 nəfər müharibə veteranı kimi doğma kəndlərinə qayıtmış, biri Amerikada, biri isə Türkiyədə qalıb yaşamışdır. Türkiyədə yaşayan Niftalı Xəlilov haqqında 2014-cü ildə çap olunan “Rzalılar nəsli” başlıqlı məqalədə məlumat vermişdik. Bu yazı-müsahibədə isə ABŞ-da yaşamış Məhərrəm Musayev haqqında informasiya verməyə çalışacağıq. Onu da xatırladaq ki, 2019-cu ilin sentyabrında Azərbaycana gələn Məhərrəm Musayevin qızı Senaf Dillon Pikhardt ilə görüşərkən, aldığımız müsahibəni də bu yazıda təqdim edirik.
Musayev Məhərrəm Hidayət oğlu (Muharrem Musa Dillon) 9 avqust 1923-cü ildə Göyçə mahalının Daşkənd kəndində “Araz Musalar” nəslində doğulub. Doğulduğu kənddə orta təhsil alıb. Müharibəyə gedəndə ailədə üç qardaş (Elbəyi, Nəriman, Məhərrəm), iki bacı (Qənirə, Nübar) olublar. Sonralar iki bacısı da (Gülxanım, Tamam) dünyaya gəlib.
“Bərdə” qəzetinin 25 sentyabr 1993-cü il tarixli sayında Nizami Abbasovun “Onu vətən həsrəti yaşadıb” başlıqlı məqaləsində Məhərrəm Musayevin 5 avqust 1942-ci ildə Böyük Vətən müharibəsinə səfərbər olunduğu, əvvəlcə Gürcüstanın Suxumi şəhərində bir müddət hərbi təlim keçdikdən sonra Şimali Qafqazda yerləşən Beslan şəhərində döyüşlərə başladığı yazılıb. Osetiyadakı döyüşlərin birində ağır yaralanan Məhərrəm əsir düşür. Şimali Qafqaz, Avstriya, Macarıstan və Almaniyada əsirlikdə olur. 1945-ci ilin mayında müharibə başa çatanda o, ABŞ qüvvələrinin nəzarətində olan zonada imiş. Müharibədən sonra azad olunub geri qayıdan əsirlər SSRİ tərəfindən güllələnirdilər. Əsirlərə bu cür münasibətlərdən xəbər tutan ABŞ hökuməti də əsirlərin geri qaytarılmasına etiraz edir və buna görə Məhərrəm geri qaytarılmır.
2018-ci ilin əvvəlində “Facebook” sosial şəbəkəsində Məhərrəm Musayevin ABŞ-da yaşayan qızı Senaf Dillon Pikhardt (Zeynəb) ilə tanış olduq. Mövzu müharibədə iştirak edən daşkəndlilərlə bağlı araşdırmalarımızın tərkib hissəsi olduğundan yazışmalarımız bu yöndə başladı. Onun dediyinə görə, Məhərrəm Musayev 1940-1941-ci illərdə kənd təsərrüfatını öyrənmək, bu sahə üzrə təhsil almaq məqsədilə Ukraynaya göndərilib. Almanlar Ukrayna ərazisinə hücum edəndə əsir götürdükləri şəxslər arasında Məhərrəm də olur. Həmin zamanlarda iqlim sərt olduğundan alman əsgərləri soyuğa tab gətirməyərək ölürdülər. Yeni əsgərlərə ehtiyac yaranırdı. Ona görə də gənc əsirləri ələ alıb, onları SSRİ-yə qarşı döyüşməyə vadar edirlər. Beləliklə, Məhərrəm Musayev “Berqman batalyonu”nda döyüşlərə başlayır. Müharibənin sonuna kimi döyüşlərdə olan Məhərrəm Almaniyanın məğlubiyyətindən sonra SSRİ-yə qayıtmaq istəsə də, ondan qabaq qayıdanların yaxşı olmayan aqibətindən xəbər tutur. Eşidir ki, azad olunmuş əsirlər Sovet dövləti tərəfindən ya öldürülür, ya da ən yaxşı halda həbs olunurlar. Odur ki, doğma vətənə qayıtmaq fikrindən məcburən daşınır və sənədlərində xırda dəyişikliklər etməklə Almaniyada yaşamalı olur. Adını və soyadını Muharrem Musa Musaoğlu, doğum yerini isə Ankara, Türkiyə etməklə SSRİ hökumətinin onu tapa bilməsini çətinləşdirir. Amma nə vaxtsa vətənə qayıtmaq, doğmalarını görmək arzusu ilə yaşamağa davam edir.
 Məhərrəm Musayev 1946-cı ildə Almaniyanın Bavariya vilayətindəki Mittenvald dəmiryol stansiyasında alman qızı Marqaritta Dillon ilə tanış olur. 25 aprel 1927-ci ildə Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Reyniş-Berqiş rayonunda anadan olan Marqaritta Dillon və Məhərrəm tanışlqıdan cəmi iki həftə sonra, avqustun 8-də evlənirlər. Bu evlilikdən onların 4 may 1947-ci ildə oğlu Maykl Dillon və 19 noyabr 1949-cu ildə qızı Senaf Dillon doğulublar. Hər iki övlad Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Vuppertal şəhərində dünyaya gəliblər. Əslində valideynlər oğlana Musa, qıza isə Zeynəb adı qoyublar.
Məhərrəm Musayev Almaniyanın Vuppertal şəhərində “Musaoğlu” adlı iki köşk açıb. Bu köşklərdə həyat yoldaşı ilə birlikdə əsasən şokolad, şirniyyat, qəhvə ticarəti ilə məşğul olublar. Ailə normal işləyib yaşaya bilsə də, qaçqın statusuna malik olduqları və Almaniya hökuməti onlara vətəndaşlıq vermədiyinə görə bəzi imtiyazlardan məhrum olduqları üçün sosial çətinliklə üzləşir (Bu barədə Senaf Dillondan aldığımız müsahibədə geniş bəhs olunub). Ona görə də Məhərrəm Musayev qərara gəlir ki, Amerikaya köçsün. Beləliklə, 30 aprel 1958-ci ildə Almaniyadan ABŞ-ın Nyu-York limanına yan alan gəmidən enən ailənin Amerika macərası başlayır. Burada Məhərrəm və Marqaritta bir neçə ay işlədikdən sonra Nyu-Yorkun Bruklin bölgəsində şəxsi mənzil alırlar. Bundan sonra Nyu-Yorkun Yuxarı Manhetten bölgəsində, 1970-ci ildən isə daimi olaraq Nyu-Cersi ştatının Passeyik şəhərində yaşayırlar. Ailə 1971-ci ildə ABŞ vətəndaşlığı alır, Məhərrəm Musayevin sənədində isə “Qafqazda doğulan ABŞ vətandaşı” yazılır.
Məhərrəm Musayev 51 il sonra doğmaları ilə görüşə bilib. Belə ki, o, 1993-cü il sentyabrın 1-də ABŞ-dan Türkiyəyə, bir neçə gün orada qaldıqdan sonra sentyabrın 6-da Bakı şəhərinə, oradan isə birbaşa Bərdə rayonunun Yeni Daşkənd kəndinə doğma həmkəndlilərinin, qohumlarının yanına gəlir. Kənddə qara zurnanın müşayiəti, kənd camaatının təntənəli iştirakı ilə qarşılanan Məhərrəm Musayevin görüntüləri videokameranın yaddaşına da köçürülüb. Həmin lent yazıları tərəfimizdən “YouTube”dakı kanalımızda yayımlanmaqdadır. O gələndə artıq iki qardaşı (Elbəyi, Nəriman) və iki bacısı (Qənirə, Nübar) vəfat etmişdilər. Buna baxmayaraq, Məhərrəm bacıları Tamam, Gülxanım, əmisi oğlu Novruz Musayev, qardaşı və bacısı uşaqları ilə bir ay boyunca gün keçirə, kənd camaatı ilə doyunca söhbətləşə bilmişdi. Onu da qeyd edək ki, Məhərrəm Musayev kənd camaatı və nəsilləri haqqında məlumatların heç birini unutmamışdı. Kiminsə adını soruşan kimi deyirdi ki, hansı nəsildənsən və kimin uşağısan. Kənddə həmin günlərdə qardaşı oğlu Telman Musayev övladları Hidayət və Ramilə kiçik toy edərkən əmisi Məhərrəm Hidayətin kirvəsi olur.
Məhərrəm Musayev ABŞ-a qayıtdıqdan bir il sonra – 1994-cü ilin avqustunda qardaşı oğlu Telmanı ora dəvət edir, beləliklə Telman da Nyu-Cersidə onun qonağı olur. Telman Musayev əmisi üçün apardığı viza ilə Məhərrəm Musayev də onunla bərabər ikinci dəfə Azərbaycana qayıdır, sentyabr ayını doğma vətəni Bakıda, Bərdədə, Gəncədə keçirir, daha sonra vətəndaşı olduğu ABŞ-a qayıdır.
Onu da xatırladaq ki, 1977-ci ildə Məhərrəm Musayevin ürəyinin dörd damarında şuntlama əməliyyatı aparılır və həkim ona işləməyə icazə vermir. O, həmçinin uzun illər şəkərli diabet xəstəsi də olub. Həyat yoldaşı Marqaritta ona çox yaxşı baxdığına görə xəstəliklərindən heç bir problem yaşamır, düzgün qidalanmasına, həmişə gəzməyinə diqqət yetirir. Lakin Marqaritta Dillon vəfat edəndən sonra Məhərrəm Musayev özünə qulluq etmir, xəstəliyi ciddiləşdiyi üçün adi dərmanlardan insulinə keçir. Məhərrəm Musayevin həyat yoldaşı Marqaritta Dillon 16 avqust 1996-cı ildə vəfat edir. Düz 50 il birgə ömür sürdüyü xanımının vəfatından sonra cəmi 2 il yaşaya bilən Məhərrəm Musayev 9 avqust 1998-ci ildə – elə doğum günündəcə ABŞ-ın Nyu-Cersi ştatının Oşen qraflığının Brik qəsəbəsində xəstəxanada vəfat edir və həmin qraflığın Toms-River qəsəbəsindəki Memorial Parkda həyat yoldaşının yanında dəfn olunur. Məhərrəm Musayevin məzar məlumatlarında doğulduğu yer Gəncə yazılıb. Qızı Senafla söhbətimizdən məlum olur ki, o, atasının doğulduğu Daşkənd kəndi haqqında məlumatsız olub. Senafın ən çox məktublaşdığı əmisi oğlu Telman isə Gəncədə yaşadığından onun da orada doğulduğunu ehtimal edib və elə də yazdırıb.
Məhərrəm Musayevin oğlu Maykl (Musa) Dillon 4 may 1947-ci ildə Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Vuppertal şəhərində dünyaya gəlib. Orta təhsilini Nyu-Yorkda alıb. 1966-1969-cu və 1973-1977-ci illərdə ABŞ ordusunda xidmət edib, Vyetnam müharibəsinin iştirakçısı olub. Xidmətini 25-ci piyada bölüyündə keçib.
19 may 1974-cü ildə Canet adlı xanımla ailə qurub. Onu da qeyd edək ki, Canet Senafın həyat yoldaşı Fredin bacısıdır. Onların Maykl adlı bir oğlu, Tanya və Melissa adlı iki qızı var. Övladlarının üçü də ailəlidir, dörd nəvəsi var.
Maykl Dillon 31 iyul 2019-cu ildə ABŞ-ın Florida ştatının Pinellas dairəsində vəfat edib və həmin dairənin Bey-Payns yaşayış məntəqəsindəki Milli qəbiristanlıqda dəfn olunub.
Məhərrəm Musayevin qızı Senaf (Zeynəb) Dillon Pikhardt 19 noyabr 1949-cu ildə Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Vuppertal şəhərində dünyaya gəlib. İlk təhsilinə Almaniyada başlasa da, orta təhsilini Nyu-Yorkda alıb, lisey məzunu olub. Əvvəlcə atası ilə eyni şirkətdə, sonralar isə uzun müddət özünün iaşə obyektində çalışıb. Hal-hazırda oğlunun turizm şirkətinin ABŞ-dakı filialında işləyir.
Senaf Dillon 10 sentyabr 1972-ci ildə Fred ilə ailə qurub. Onların Stiven adlı bir oğlu, Lori və Steysi adlı iki qızı var. Qızı Steysinin bir oğlu və bir qızı, oğlu Stivenin isə iki qızı var. Senafın özü, həyat yoldaşı və qızları ABŞ-ın Florida ştatında, oğlu isə Almaniyanın Berlin şəhərində yaşayır.
Senaf atasının Almaniyada sonralar isə Nyu-Yorkda türklərlə və azərbaycanlılarla tez-tez görüşdüyünü deyir. Hətta onlardan bəziləri ilə ailəvi dostluqları da olub. Senaf Dillon həyat yoldaşı Fredlə birlikdə 2018-ci ildə Helmut Abbasoğlunun dəvəti ilə bir neçə əslən azərbaycanlı ailələrlə Neu-Ulm qəbiristalığında dəfn olunan Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin məzarını ziyarət ediblər.
Senaf Dillondan aldığımız müsahibəni təqdim edirik:

– Bakı xoşunuza gəldimi? Yoxsa sizə görə adi şəhərlərdən biridir?
– Bakı digər Avropa şəhərlərindən fərqlidir. Burada ənənələri, milliliyi hiss etmək mümkündür. Almaniyada da azərbaycanlıların və türklərin birgə işlətdiyi bir neçə restoran vardı, lakin buradakı qədər millilik hiss olunmurdu. Birinci dəfədir ki, Bakıdayam. Şəhərdə qədimliyi və müasirliyi bir arada görmək xoşdur. Bu şəhərdə gəzmək olduqca maraqlıdır.
– Özünüzü daha çox alman, yoxsa azərbaycanlı kimi hiss edirsiniz?
– Atam uzun müddət Almaniyada yaşadığına görə özündə və ailəsində azacıq da olsa, alman təəssübkeşliyi vardı. Məni heç vaxt atam tərəfini düşünüm, ya düşünməyim barədə məcbur etmirdilər. Atam uzun müddət öz ölkəsinə qayıda bilməmişdi. Lakin mən həmişə atam haqqında daha çox şey bilmək istəyirdim. O, mənə Azərbaycan haqqında bir az danışmışdı. Hərçənd ki, bu ölkə ilə əlaqəmiz yox idi. Biz tez-tez “Türkiyə-Azərbaycan-ABŞ” klubuna (dərnək) gedirdik. Klubda İkinci Dünya müharibəsi səbəbi ilə Almaniyada qalıb alman qadınlarla ailə həyatı qurmuş azərbaycanlı kişilər vardı. Atam məni vadar edirdi ki, Azərbaycan adət-ənənələri ilə yaşayım. Özümü atama, azərbaycanlılara yaxın hiss edirəm.
– Atanızın sizə həyatı və ya doğulduğu kənd haqqında danışdığı ən maraqlı və unutmadığınız bir hadisə varmı?
– Atam mənə öz gəncliyi, ailəsinə olan yaxınlığı barədə danışırdı. Bəzən danışanda kövrəlirdi, çünki geri qayıda bilməyəcəyini bilirdi. Nəyə görə qayıda bilməyəcəyini də mənə danışmışdı. Gənc yaşlarında kənd təsərrüfatını öyrənmək, bu sahə üzrə təhsil almaq məqsədilə Ukraynaya göndərilmişdi. Bu zaman almanlar Ukrayna ərazisinə hücum etmişdilər. Burada iqlim sərt olduğuna görə əsgərlərinin əksəriyyəti soyuğa tab gətirməyərək həyatını itirmişdi. Buna görə də onların orduda yeni əsgərlərə ehtiyacları vardı. Odur ki, Ukraynada bütün gəncləri əsir götürmüş və onları ələ almaq məqsədilə demişdilər: “Siz, şübhəsiz, ruslara qarşı mübarizə aparıb öz ölkənizi geri qaytarmaq istəyirsiniz”. Əsirlər, əlbəttə ki, rusları məğlub etmək istədiklərini qeyd etmişdilər. Lakin atam həm də mənə söyləmişdi ki, onlara almanlarla getməyəcəkləri halda güllələnəcəklərini demişdilər. Atamgilin heç bir seçimi yox idi: ya gedəcəkdilər, ya da öldürüləcəkdilər.
Daha sonra atam müharibədə yaralanır. Hadisə ABŞ əsgərlərinin olduğu Cənubi Almaniyada baş verir. Uzun müddət hərbi hospitalda yatan atam müharibə başa çatandan sonra öz ölkəsinə qayıda bilmir. Çünki pasportunda bəzi məlumatları dəyişdirməli olur. Əgər SSRİ-də doğulduğu məlum olsaydı, Almaniya onu SSRİ-yə təhvil verəcəkdi. Bu məqsədlə SSRİ öz vətəndaşlarının geri qayıtmaları üçün onları şirnikləndirəcək təkliflər edir, vədlər verirdi. Kimsə atama SSRİ-yə qayıdan əsirlərin güllələnərək öldürüldüyünü, həbs edildiyini deyibmiş.
Atamın mənə danışdığı bu önəmli hadisələri heç vaxt unuda bilmirəm.
– Nəyə görə Almaniyadan ABŞ-a köçmüşdünüz? Səbəb nə idi? Niyə Türkiyə və ya başqa ölkə deyil, məhz Amerika?
– Biz ABŞ haqqında məktəbdə oxuyarkən eşitmişdik. Həmin dövrdə atam Almaniyada qaçqın idi. Çünki etnik mənsubiyyətinə görə alman deyildi. Anam və qardaşım mənə danışırdılar ki, atamla evləndiyinə görə anam vətəndaşlıqdan çıxarılmış, ona da qaçqın statusu verilmişdi (mən ilk vaxtlar onlara inanmamışdım, daha sonra sənədlərdə öz gözümlə gördüm). Almaniya onu vətəndaşlıqdan məhrum etmiş, nəticədə anam da qaçqın statusu ilə yaşamağa başlamış və bu vəziyyət 1971-ci ilə qədər davam etmişdi. Məhz buna görə biz ABŞ-a köçmüşdük. Atam Türkiyəyə köçmək istəyirdi. Lakin hesab edirəm ki, o qorxurdu. Qorxurdu ki, kimsə onun olduğu yeri SSRİ dövlətinə çatdırar və onu apararlar. Bundan əlavə, o demişdi ki, əgər mən ailəmə yazsaydım, onları öldürə bilərdilər (bilmirəm ona bu barədə kim demişdi və o adam bizi necə tapmışdı, çünki o zamanlar mən balaca idim və nə baş verdiyini dərk etmirdim. Həmin şəxslə atam Azərbaycan dilində danışırdı). Buna görə də onlarla əlaqə yaratmaqdan çəkinirdi. Almanlar atamı əsir götürdüyünə görə SSRİ onu “vətən xaini” hesab edirdi. Buna görə də SSRİ-yə qayıda bilməmişdi. Atam Amerikada daha təhlükəsiz şəraitdə olacağımıza inanırdı.
– Almanların əsir götürdüyü bir həmyerlimiz vətənə qayıtdıqdan sonra doqquz il sürgünə göndərilmişdi.
– Bəli. Atam mənə danışırdı ki, əgər qayıdardısa, onu ya Sibirə sürgünə göndərəcəkdilər, ya da öldürəcəkdilər. Hətta atamın ailəsinə onun öldüyünü demişdilər.
– Atanızın vətənə məktub yazmasını və ya buradan ilk dəfə məktub almasını necə xatırlayırsız?
– Atam hələ 50-ci illərdən Almaniyada olarkən onlara yazırdı. Sonra biz Amerikaya köçdük. 1963-cü ilədək onlardan xəbər ala bilməmişdik. Atam o vaxta qədər məktub yazmağa və səfirliyə müraciət etməyə davam edirdi. Lakin 1963-cü ilədək onun yazdığı heç bir məktuba cavab gəlməmişdi. O, ilk dəfə 1963-cü ildə Azərbaycandan, qardaşı Elbəyidən məktub almışdı. O zamana qədər atamın bu dərəcədə ağladığını, kövrəldiyini görməmişdim.
– Atanız 1998-ci ildə vəfat edib?
– Bəli, 9 avqustda, öz ad günündə. 8 avqustda yubileyini qeyd etmişdik.
– Atanızın son sözü, vəsiyyəti nə olub?
– Atam vəfat edərkən onu görə bilmədim. Mən çatanda artıq o dünyasını dəyişmişdi. Son sözlərini həkimə deyə bilmişdi. Həkim bir böyük kimi atama hörmət edirdi. Atamın onunla uzun söhbət etdiyini dedi. O vəfat edəndə həkim məni şəxsən çağırmışdı.
Atam mənə demişdi ki, “əmin ol ki, Azərbaycana gedəndə Nyu-Yorkdan bu nömrəyə zəng etsən, Azərbaycana gedə bilməyin üçün səndən köməklərini əsirgəməz, hər yardımı edərlər. Gərək sən onlarla əlaqə yaradasan”.
– Bilirsinizmi ki, atanızın doğulduğu kənd hazırda ermənilərin nəzarəti altındadır?
– Daşkənddir, elə deyilmi? Bəli, bilirəm.
– Sizin bir neçə gün sonra gedəcəyiniz Yeni Daşkənd isə Bərdə rayonunda yerləşir.
– Aha, bəli. Onu da çox gözəl bilirəm!..
– Atanız 1993-cü ildə ilk dəfə Azərbaycana gəldi. Qayıdanda əhval-ruhiyyəsində dəyişiklik hiss olunurdumu? Təəssüratları necə idi?
– O öz evinə qayıtmışdı. Özünü evində hiss edirdi. Onun gedişindən sonra dünyaya gəlmiş iki bacısını ilk dəfə görmüşdü. Axı o doğulduğu yerdən gedəndə 17-18 yaşında idi.
– (Senafın həyat yoldaşı Fred söhbətə qoşulur) Biz onun hekayəsini öz dilindən yazmışıq. Hələ bitirməmişik. Kompüterdədi. İngilis dilindədi. Onun məktublarında Ukraynaya necə gəlməyi, daha sonra Almaniya və ABŞ-a getməyi əks olunub.
– Atanıza Almaniya dövlətinin münasibəti necə idi?
– Atam mənşəcə alman olmadığından Almaniyada qaçqın hesab edilirdi. Anam atamla evləndiyinə görə onu da vətəndaşlıqdan məhrum etmişdilər. Atam əlilliyi ilə əlaqədar ərizə yazırdı. Çünki müharibədə yaralanmışdı və dövlət ona sosial təminat verməli idi. Dövlət isə ondan hər il, hər ay nə baş verdiyini başdan sona bütün təfərrüatları ilə yazmağı tələb edirdi.
– Bu müraciətləri özü yazırdı?
– Xeyr. Ya anam, ya da bir başqası yazmışdı. Onların hamsı alman dilindədir. Gərək Azərbaycan dilinə tərcümə edək. Amma hamısı yazı makinasında atamın öz dilindən yazılmışdır.
– Atanız harada işləyirdi?
– Biz ABŞ-a gələndə əvvəlcə bir müddət alman qəzet şirkətində işlədi. Almaniyada atamla anamın bir yerdə işlətdikləri kiosk (köşk) vardı. Mən Bakıda bir neçə belə köşk gördüm. Atam köşkdə konfet, şokolad və digər şirniyyatlar satırdı. Anam isə qəhvə və özünün bişirdiyi keksləri satırdı. Böyük bir yer olmasa da, müştəriləri vardı. Qatardan enənlər, işə gedənlər yolüstü onlardan nəsə alırdılar. Atam yaxşı ticarətçi (biznesmen) idi. Amerikada da bizneslə məşğul olmaq istəsə də, anam bu istəyinə qarşı çıxır və mağaza açmaq istəmirdi. Atam alman dilində danışdığına görə qəzet şirkətinə işə götürüldü. Artıq 54 yaşından sonra iş fəaliyyətini dayandırdı, belə ki ona işləmək çətin idi, yorulurdu.
– Bizim soruşmadığımız, lakin sizin danışmaq istədiyiniz başqa nəsə varmı?
– Maraqlı bir məqamı sizinlə bölüşmək istəyirəm. Atam ilk dəfə Azərbaycana qayıdanda hansı yaşdaydısa, indi mən də Bakıya ilk dəfə gələndə o yaşdayam. Hətta gəldiyimiz ay da eynidir – sentyabr. Bu, təsadüfən baş verib. Bir neçə dəfə Azərbaycana gəlmək istəsəm də, illərlə davam edən xəstəliyim ucbatından gələ bilməmişəm. 2012-ci ildə gəlmək istəyirdim, lakin alınmadı. Telmana bu barədə vəd vermək istəmirdim. O, məndən nə vaxt gələcəyimi soruşanda çalışacağam ki, gəlim deyirdim, çünki həmin dövrdə səhhətimlə bağlı problem yaşayırdım. Yoldaşım Fred də bilir ki, Azərbaycana gəlmək mənim arzum idi. Amma necə?
Mən də sizin kimi şəcərəmi bir araya topladım, kompüterimi götürdüm, ana və ata tərəfimi yazmağa başladım. Ana tərəfimi yazdıqdan sonra Azərbaycana aid bir şey tapa bilməyəcəyimi düşündüm. Ona görə də yalnız ana tərəfimi yazmaqla kifayətləndim. Bu şəcərəni formalaşdırmaq bir neçə il çəkdi. Daha sonra dolabımda iki qutu gördüm. Burada atamın iyirmi yaşından bu yana bütün sənədlərini yığmışdılar. Bir qovluğa rast gəldim, burada Ukraynada və ondan sonra baş verənləri əks etdirən sənədlər, pasportlar, şəkillər vardı. Bu sənədlərlə ilk dəfə idi ki, tanış olurdum. Bu hadisə 2014-2015-ci ildə baş vermişdi. Sizə hisslərimi sözlə ifadə edə bilmərəm. Sanki orada məndən bir parça vardı. O vaxta qədər nəsə tapa biləcəyimi düşünmürdüm, ona görə də bu sənədlər mənim üçün böyük əhəmiyyət kəsb edirdi. Özümü olduqca emosional hiss edirdim.
Orada mənim axtardığım şeylər vardı. Burada “Musaoğlu” sözünə rast gəldim. Telefon nömrələri və ünvanlar da vardı, lakin bu ünvanda yaşayıb-yaşamadıqlarından əmin deyildim. “Nə edəcəyəm”, – deyə düşünərkən, onları internetdə axtarmaq qərarına gəldim. Vaz keçmədim. “Musaoğlu” adında heç kimi tapmadım. Daha sonra babası Azərbaycanda doğulan, özü Kaliforniyada yaşayan bir azərbaycanlı tapdım. O, mənə dedi ki, SSRİ-də “Musaoğlu” soyadı “Musayev” kimi istifadə olunur. Daha əvvəl bu barədə məlumatım yox idi. Sonra “Musayev” soyadlı şəxsləri axtarmağa başladım, onların bir qismi ilə əlaqə yaratdım. Lakin onların nə düşündüyü, onlarla əlaqə qurmaq istəyən bu xanımın kim olduğunu bilib-bilmədikləri barədə heç bir fikrim yoxdu. Sonra Eysudan belə bir mesaj gəldi: “Dayım Telman sizinlə əlaqə yaratmağımızı istəyir. O, ingilis dilində bilmir, lakin mən bilirəm”. Daha sonra bütün Musayevlər qarşıma çıxdı. Buraya qədər keçdiyim yol ağır olsa da, birdən-birə sanki partlayış baş verdi: Musayevlər hər yerdə (gülür – A.Y.). Ailəm genişlənirdi. Düşünürəm ki, internet olmasa, buna nail ola bilməzdim.
– Mənzilin pəncərəsindən görünən Hökumət Evinin tikintisində alman əsirlərin də işlədiyini bilirdinizmi?
– Bəli. Bu barədə Eysu, ya da Razi demişdi...
– Vaxtınızı çox almaq, həm də sizləri suallarımla yormaq istəmirəm. Bizimlə söhbətləşdiyiniz üçün çox sağ olun.
– Siz sağ olun ki, bizimlə görüşdünüz. Sizinlə internetdə bir ildən çoxdur ki, yazışırdıq. Bu görüşümüzdən isə çox məmnun qaldım.
10 sentyabr 2019-cu il,
Bakı şəhəri.
Söhbətləşdi: Araz Yaquboğlu,
Tərcüməçi: Firuzə Nəsibli