Hər mahalda dastan olub,
Söylənir halı Göyçənin;
Qəhr elədi çarxı-fələk,
Döndü iqbalı Göyçənin;
Dağıldı ağır sürüsü,
Talandı malı Göyçənin,
Suyu saf, havası xoş,
Cənnət misalı Göyçənin.
Çarxı-qəzanın qədəri
Göyçəni elədi talan;
Qaçan dağlarda qırıldı,
Əsir oldu dalda qalan.
Aman Allah! Nə gün çəkdi
Qürbət eldə qaçqın olan;
Nə qədər doğru danışdıq;
Dedilər: "Söyləmə yalan,
Biz ki bilirdik, əzəldən
Azdı kamalı Göyçənin”.
Ah çəkməkdən qürbət eldə
Qara bağrım qana dönüb;
Çarx dolanıb, iqbal qaçıb,
Baxt yatıb, zamana dönüb.
Görün qəzanın qədərin,
Tülkülər aslana dönüb;
Cacıq yeyib, çaşır satan
Hərəsi bir xana dönüb;
Həcv eyləyib deyir bizə:
“Bəddi amalı Göyçənin”.
Göyçənin şəhəridi
Basarkeçərinən Kəvər.
Neçə iyidlər var idi
Biri birindən mötəbər;
Dava düşdü, el qırıldı
Olduq vətəndən dərbədər;
Dedilər, alveri kəsilib,
Gələn-gedən gətdi xəbər;
Heç yandan xırıd gəlmədi,
Bağlandı yolu Göyçənin.
Göyçəni abad elədi,
Yaşasın Şura hökməti!
Ayağının sayəsindən
Göyçə tapdı bərəkəti;
Hər şəhərə tel vurdular,
Gəldi güclü inayəti;
Həftədə bir payladılar,
Yaxşı saxladı milləti:
Qaldırıldı ortalıqdan
Dərdü məlalı Göyçənin.
Məhəmmədəm, duaçıyam;
Şura ölkəsi yaşasın!
Artsın şanı, şöhrəti,
Ucalsın səsi, yaşasın!
Hər mahala səddi düşüb,
Söylənir bəhsi, yaşasın!
Qəniminə qan ağladır,
Alır qisası, yaşasın!
Halal olsun yoldaşlara
Əmliyi, balı Göyçənin!