Göyçənin saz-söz ustadları İkinci dünya müharibəsində

Vikimənbə saytından
Jump to navigation Jump to search
Göyçənin saz-söz ustadları İkinci dünya müharibəsində (2018)
Müəllif: Araz Yaquboğlu
Mənbə: Araz Yaquboğlu (2018-05-09). GÖYÇƏNİN SAZ-SÖZ USTADLARI İKİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ (az). karabakhmedia.az. Orijinal mənbədən 2018-05-11 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-05-11.

Bəzən yerli-yersiz sual olunur: Göyçədən nə qədər danışmaq, nə qədər yazmaq olar? Bir neçə dəfə suala belə cavab vermişəm: nə qədər ki, bədii ədəbiyyatın əbədi mövzusu məhəbbət var, o qədər də Göyçə mövzu olaraq qalacaq. Göyçənin tarixi, folkloru, ədəbiyyatı, şəxsiyyətləri o qədər zəngin və əhatəlidir ki, onlardan cild-cild kitablar yazılsa belə, bitib-tükənən deyil. Göyçədə saza, sözə o qədər sevgi olub ki, saz-söz sənətkarları elin nəzərində ən böyük, ən hörmətli şəxs hesab olunmuşlar. Hətta saz insanlar üçün and yerinə çevirilib. Haqlı olaraq filologiya üzrə fəlsəfə doktoru Ziyəddin Məhərrəmov yazır: “Göyçədə saza-sözə hədsiz bağlılıq və qeyri-adi həssaslıq mövcud olduğundan hər əlinə saz götürən burada özünü sənətkar elan etməyə cəsarət etməmişdir. Saz çalmağı, söz oxumağı bu eldə uşaqdan-böyüyə hamı bacarmışdır. Saza-sözə toydan-toya, məclisdən-məclisə deyil, demək olar ki, hər gün müraciət olunmuş, üz tutulmuşdur. Saz-söz, poeziya göyçəlinin gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. O, çöldə-bayırda iş görəndə, əkin-biçinlə, bağ-bağatla, qoyun-quzu bəsləməklə məşğul olanda da, nəfəs dərib dost-tanışla, yar-yoldaşla əhvallaşanda da, evdə oğul-uşağa öyüd-örnək verəndə də dilində-könlündə şeir gəzdirib-dolaşdırmışdır.”[1,s.125] Ona görə də Göyçədən daim yazılmış, yazılır və bundan sonra da yazılacaq.
Göyçə aşıq mühitinin ünlü sənətkarları zaman-zaman tədqiqat obyekti olmuşdur. Bu araşdırmalar 1988-ci il hadisələrindən sonra daha da geniş vüsət almış, aşıq və şairlər ayrı-ayrılıqda və ya ümumi şəkildə araşdırılmışdır. Tərlan Göyçəli “Göyçə aşıq məktəbi” kitabının girişində yazır: “Göyçə aşıq məktəbinin öyrənilməsi, araşdırılması, elmi şərhi indiki ictimai-siyasi şəraitdə günün ən vacib məsələlərindən biridir.”[2,s.7] Bəli, düşmənlərimizlə hərbi-siyasi müstəvidə mübarizədən əlavə, ədəbi-tarixi yöndə də mübarizə aparmalıyıq. Dediklərimiz tarixi yurdlarımıza qayıtmağın çoxsaylı yollarından biridir. “Keçmişini bilməyən gələcəyini qura bilməz” – deyən filosoflar heç də yanılmayıblar.
“Göyçənin saz-söz ustadları İkinci dünya müharibəsində” mövzusu məni çoxdan ayrıldığım araşdırmalarıma qaytardı. Faşizm üzərində qələbənin yaxınlaşdığını da nəzərə alıb mövzu ilə bağlı tədqiqat aparmağa başladım.
Göyçə kəndlərinin hər birindən neçə-neçə igid oğullar qanlı-qadalı İkinci dünya müharibəsinə yollanmış, onların demək olar ki, yarısı geri qayıtmamışdır. Aralarında heç şübhəsiz ki, xeyli aşıq və şairlər də var idi. Aşıq Müseyib, Ağkilsəli Aşıq Nəcəf, Aşıq Əli Rəsulov, Aşıq Niftalı, Aşıq Məhərrəm Hacıyev, Aşıq Rəcəb, Aşıq Qəmbər, Aşıq Abbasəli Xəlilov, Aşıq Abbasəli Nəzərov, Aşıq Cahad, Aşıq Musa Həsənov, şairlərdən Həsən Xəyallı, Xəstə Bayraməli, Şair Həşim, Qəmgin Fəzi, Əli Coşqun, Qəşəm Kərimov, İsmayıl Hüseynov, Coşqun Ağababa, Firudin Məmmədov və başqaları müharibə veteranı kimi doğma yurda dönə bilmişlər. Araşdırıb məlumat toplaya bildiyim Şair Aqil, İsoy Qurbanov, Aşıq İdris, Şair Əbülfət, Aşıq İslam Yarpızlı, Aşıq Ziyad, Qul Yunus, Aşıq Əli Şairov, Muxayıl Göyçəli, Aşıq Süleyman və Aşıq Səfiyar haqqında oxuculara məlumat verməyə çalışacağam.
İslam Ələsgərin “Sazlı-sözlü Göyçə” kitabında müharibədən doğma yurda dönə bilməyən saz-söz bahadırları haqqında oxuyuruq: ““Böyük Vətən müharibəsi” adlandırılan 1941-1945-ci il müharibəsi zamanı cəbhəyə yollanan Göyçə oğulları, o cümlədən gənc aşıqlar öz canları, qanları bahasına Vətəni düşməndən təmizləməkdə fəal iştirak elədilər. Onların bir çoxu həlak oldu, doğma yurda qayıda bilmədi; öz əllərilə divardan asdıqları saz müharibədən sonra da uzun müddət sahibinin yolunu gözlədi.”[3,s.13]
Ümumiyyətlə, İkinci dünya müharibəsində iştirak edən aşıq və şairlərin həyat və yaradıcılığı haqqında tədqiqatçılardan Ziyəddin Məhərrəmov, Tərlan Göyçəli, İslam Ələsgər, professor Qara Namazov və bu sətirlərin müəllifinin araşdırmalarına rast gəlinir. Lakin yazılanlar bəzi yanlışlıqlardan da xali deyil. Belə ki, bizim “obd-memorial.ru” saytından əldə etdiyimiz rəsmi sənədlər aşıq və şairlərin doğum və vəfat tarixlərini dəqiqləşdirməyə imkan verdi.

Şair Aqil: Qafarov Niftalı Qafar oğlu 1900-cü ildə doğulmuşdur. 5 yanvar 1941-ci ildə Gədəbəy RHK-dаn оrduyа çаğırılmışdır. Niftalı Qafarov haqqında 3 oktyabr 1943-cü il tarixdən heç bir məlumat olmamış və 1944-cü ilin yanvar ayından itkin düşmüş hesab edilmişdir. Sənəddə onun Gədəbəy rayonunun İvanovka kəndində yaşamış olduğu da göstərilir.[4, 64989709]
Ziyəddin Məhərrəmov şair Niftalı Qafarovun 1943-cü ildə Ukraynada döyüşdə,[5,s.38] Tərlan Göyçəli isə şairin 1943-cü ilin noyabrında Cənubi Ukrayna cəbhəsində qəhrəmancasına həlak olduğunu yazmışdır.[2,s.113]
O, ilk təhsilini həmkəndlisi Məşədi Molla Əlinin açdığı mollaxanada almışdır. Sovet hakimiyyəti illərində Leninakan (Gümrü) Pedaqoji Texnikumunu bitirən Niftalı 1923-cü ildə öz kəndlərində müəllimliyə başlamışdır.[3,s.195]
Aqil 1937-ci ilin yazında doğma kəndi Ağbulaqdan Azərbaycanın Gədəbəy rayonunun Ağkilsə (indiki İvanovka) kəndinə köçüb. 1939-cu ildə Bakıda keçirilmiş el ədəbiyyatı nümayəndələrinin müşavirəsində uğurla iştirak etmiş və böyük şairimiz Səməd Vurğunun təqdimatı ilə Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir.[2,s.112-113]
O, şeirlərini Aqil təxəllüsü ilə yazmışdır. Şair Kazımın bacısı oğludur. İvanovka kəndində yaşamış, İnəkboğan kəndində müəllim işləmişdir.[5,s.38]
Onun müxtəlif şəkilli şeirləri aşıqlarımızın repertuarında özünə yer tutmuşdur. İ.Ələsgər onun şeirlərini şairin yaxın qohumu olan Aşıq Məhərrəm Hacıyevin hafizəsindən qələmə almış, “Yaraşır”, “Oynasın”, “Üç sözüm var, gərək dosta deyəsən”, “Gəlmişdi”, “Bu gün bir qız gördüm, hazar eylədim” rədifli qoşmalarını, “Gəlin” rədifli gəraylısını, “Xoruzu”, “Gözəl”, “Xəngəlin”, “Elədi” rədifli müxəmməslərini çap etdirmişdir.[3,s.195-203]
T.Göyçəli şairin “Hiyləgər dünya...”, “Düşübdü”, “Gəlmişdi” qoşmalarını, “Eylədi” müxəmməsini, “Minə, minə” təcnisini,[2,s.113-116] professor Q.Namazov isə şairin “Oynasın” rədifli qoşmasını çap etdirmişdir.[6,s.381-382]
Mənbələrdə şairin təvəllüdü ilə bağlı qeyri-dəqiqlik mövcuddur. Tərlan Göyçəli şairin 1885-ci ildə,[2,s.112] Qara Namazov 1895-ci ildə,[6,s.380] Ziyəddin Məhərrəmov 1898-ci ildə,[5,s.38] Musa Nəbioğlu 1899-cu ildə,[7,s.35] İslam Ələsgər isə 1907-ci ildə[3,s.195] doğulduğunu yazmışlar.

İsoy Qurbanov: Qurbаnоv İsоy Nəcəf оğlu 1902-ci ildə Dаşkənd kəndində dоğulmuşdur. İsoy Qurbanov 269-cu аtıcı dviziyаsının qızıl əsgəri olmuşdur. 14 may 1942-ci ildə Оrlоv vilayəti Nоvоsil rayonunun Оdinоk kəndindəki döyüşdə həlаk оlmuş, həmin rayonun İqumnоvо kəndində dəfn edilmişdir. Sənəddə İsoy Qurbanovun Ruqiyə Məhəmmədəli qızı ilə ailəli olduğu da qeyd edilib.[4, 51631064]
İsoy Qurbanovun həyat və yaradıcılığı haqqında ilk dəfə məlumat “Daşkənd aşıqları və şairləri” kitabında çap olunmuşdur. Rəsmi sənədlərə əsasən verilən yuxarıdakı məlumatlar bu kitabın çapından sonra əldə edildiyindən, doğum və vəfat tarixləri doğmalarının söyləmələrinə əsasən yazıldığına görə yanlışlıq olmuşdur. Kitabda məlumat olduğu kimi belədir:
“Qurbanov İsoy Nəcəf oğlu, 1907-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur.
Deyilənlərə görə, İsoy lap uşaqlıqdan ustadların şeirlərini söyləyər və özü də şeirlər qoşarmış. Bir neçə şeirlərinin möhürbəndində “Yetim İsoy” təxəllüsü də işlətmişdir.
İsoy Qurbanov 1941/45-ci illər Böyük Vətən Müharibəsi zamanı 1943-cü ildə müharibəyə səfərbər olunmuş və 1944-cü ildə Böyük Vətən Müharibəsində qəhrəmancasına həlak olmuşdur.
İsoyun Tutu, Ballı, Mürəbbə və Minayə adlı dörd qızı və Lətif adlı bir oğlu olmuşdur. İsoy müharibədə olarkən yeganə oğlu Lətif vəfat etmişdir.
İsoy Qurbanovun şair olduğunu və müxtəlif səpkili şeirlər yazdığını onu görən bir çox daşkəndlilər təsdiq edirlər. Təəssüflər olsun ki, İsoyun tam yaradıcılığını hələ ki əldə etmək mümkün olmamışdır.
İsoyun bir neçə şeirləri onun qızları və nəvələrindən əldə olunmuş cəbhə məktublarından və Xasay Zeynalovdan götürülmüşdür. Əldə olunan “Eylə”, “Oldumu” və “Qaldım” rədifli qoşmaları isə həmkəndlisi Muxayıl Budaqoğlunun 1943-cü ilə aid əlyazmasından götürülmüşdür. Əlyazma hal-hazırda Yeni Daşkənd kəndində yaşayan Məsimov Oruc Budaq oğlu tərəfindən qorunub, saxlanılır.”[8,s.43]
“Daşkənd aşıqları və şairləri” kitabında İsoy Qurbanovun “Göyçə”, “Saxlayın”, “Məni” rədifli gəraylıları və “Qızım”, “Eylə”, “Oldumu”, “Bilin”, “Məni”, “Minayə qızım”, “Qaldım”, “Amandı”, “Lətifim mənim”, “Mənim” rədifli qoşmaları çap olunmuşdur.[8,s.44-51] Kitabdakı cəmi 13 şeirdə 49 bənd bu günə qədər əldə olunanlardır. Həmkəndlisi və qohumu Abdulla Hümbətovun söylədiyinə görə onda olan İsoy Qurbanovun 50 qatar şeirinin yazıldığı dəftər kənd əhalisinin 1953-cü ildəki köçürülməsində itmişdir.

Aşıq İdris: Məhərrəmov İdris Şirin oğlu 1905-ci ildə Zərkənd kəndində doğulmuşdur. 28 avqust 1942-ci ildə Bаsаrkeçər RHK-dаn оrduyа çаğırılmışdır. Sıravi əsgər İdris Məhərrəmov 1943-cü ilin avqust ayında itkin düşmüşdür.[4, 67794588] İstinad etdiyimiz saytdakı digər bir sənəddə onun 1943-cü ilin may ayında itkin düşdüyü qeyd edilib.[4, 87569214]
İdris aşıqlıq sənətinə erkən yaşlarından maraq göstərib, 12 yaşında ikən atası Aşıq Şirindən dərs almağa başlayıb. 80-dən artıq saz havasını bacarıqla ifa edirmiş. Otuz beş dastanı sinədən bilmiş, ağır yığnaqlar keçirmişdir.[9]
1938-1941-ci illərdə Basarkeçər rayonunda aşıqlara rəhbərlik edib. Azərbaycan aşıqlarının I və II qurultaylarının nümayəndəsi olub. 1938-ci ildə İncəsənət xadimi fəxri adına layiq görülüb. Vala köçürülmüş mahnıları vardı.[7,s.25]
2003-cü ildə Aşıq İdrisin və atası Aşıq Şirinin həyat və yaradıcılığından bəhs edən “Göyçə aşıqları: Aşıq Şirin Aşıq İdris” adlı kitab “Nurlan” nəşriyyatında çap olunmuşdur.
Aşıq İdris Zərnişan Xankişi qızı ilə ailə həyatı qurmuş, Maral adlı bir qızı, Şəmdin, Xasay, Surxay, Bahadur, Qəzənfər, Məmməd adlı 6 oğlu olmuşdur. Qızı Maral atasının qara xəbərini eşitdikdə, bu acı xəbərə dözməyib 12 yaşında vəfat edib.[10]
Mənbələrdə aşığın təvəllüdü ilə bağlı qeyri-dəqiqlik mövcuddur. Aşıq Şəmşir və Musa Nəbioğlu aşığın 1894-cü ildə,[9; 7,s.25] Qara Namazov isə 1903-cü ildə[6,s.199] doğulduğunu yazmışlar.

Şair Əbülfət: Rəhimov Əbülfət İsmayıl oğlu 1905-ci ildə Zod kəndində doğulmuşdur. 3 dekabr 1942-ci ildə Bаsаrkeçər RHK-dаn оrduyа çаğırılmışdır. 269-cu аtıcı diviziyаsının 1022-ci atıcı alayının əsgəri olmuşdur. 24 iyun 1944-cü ildə Belorusiya SSR-in Qomel vilayətinin Roqaçevski rayonunun Viriçev kəndindəki döyüşdə həlаk оlmuş, kəndin yüksəkliyi 144,5 metr olan şimal-qərb tərəfindəki yamacda dəfn olunmuşdur.[4, 9434559]
İstinad etdiyimiz saytdakı digər sənəddə qeyd olunur ki, Rəhimov Əbülfət İsmayıl oğlu 1905-ci ildə doğulmuşdur. 24 iyun 1944-cü ildə Belorusiya SSR-in Qomel vilayətinin Roqaçevski rayonunun Viriçev kəndində döyüşdə həlаk оlmuş, Tixiniçi kəndindəki qardaşlıq qəbiristanlığında dəfn edilmişdir.[4, 261793473]
Digər bir sənəddə əlavə olaraq yazılır: Rəhimov Əbülfət İsmayıl oğlu 3-cü Ordunun 269-cu аtıcı dvizyаsının 1022-ci atıcı alayının əsgəri olmuşdur.[4, 9436601]
İrəvan Pedaqoji Texnikumunu bitirən Əbülfət öz kəndlərindəki orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. O, erkən bədii yaradıcılığa meyl göstərmiş, xalq arasında şair kimi tanınmışdır. Ermənistan Yazıçılar İttifaqı Azərbaycan bölməsinin katibi olan Əbülfət, eyni zamanda SSRİ Yazıçıları İttifaqının üzvü idi.[3,s.221]
O, Mirzə Bəylərin qız nəvəsi, Usta Abdullanın isə qardaşı oğludur. ...Əbülfətin zamana güzgü tutan uğurlu şeirləri vaxtilə Göyçədə çıxan “Qızıl Basarkeçər”, Yerevanda nəşr olunan “Qızıl şəfəq” qəzetlərinin səhifələrində və bir sıra almanaxlarda dərc edilmişdir.[2,s.176-179]
Əbülfət Rəhimovun 1933-cü ildə Yerevandakı “Ermən-nəşr” nəşriyyatında köhnə latın qrafikası ilə “Din əleyhinə”, 1985-ci ildə isə Bakıdakı “Yazıçı” nəşriyyatında kiril qrafikası ilə “Axan ulduzun işığı” adlı şeirlər kitabı çap olunub.
Tərlan Göyçəli şairin “Dünya”, “Gəlsin”, “Qəm yemə”, “Aman günüdü”, “Hardasan” rədifli qoşmalarını,[2,s.177-181] İslam Ələsgər isə “Ağlama”, “Aman günüdü”, “Durma, gəl”, “Əzizim”, “İnşallah” rədifli qoşmalarını, “Bülbül”, “Ey fələk”, “Külək, məndən xəbər apar”, “Mənim”, “Olaydı” rədifli gəraylılarını, “Güldü, nə güldü”, “Nə saqisən, yar” rədifli təcnislərini, “Üstədi”, “Ey əmi” rədifli divanilərini çap etdirmişdir.[3,s.221-229]
Şair Əbülfət Fatma xanımla ailə həyatı qurmuş, Həsən adlı övladı olmuşdur.
Mənbələrdə şairin təvəllüdü ilə bağlı qeyri-dəqiqlik mövcuddur. Qara Namazov şairin 1908-ci ildə,[6,s.115] Tərlan Göyçəli və İslam Ələsgər isə şairin 1914-cü ildə doğulduğunu yazmışlar.[2,s.176; 3,s.221]

Aşıq İslam Yarpızlı: Əmirzadayev İslam Məhəmmədəli oğlu Lçavan kəndində doğulmuşdur. Sıravi İslam Əmirzadayev 1943-cü ilin may ayında itkin düşmüşdür.[4, 87480424] İstinad etdiyimiz saytdakı digər bir sənəddə Əmirzadayev İslam Məhəmmədəli oğlunun Yarpızlı kəndində doğulduğu və ən geci 24 may 1943-cü ildə itkin düşdüyü qeyd edilmişdir.[4, 87570607] Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Yarpızlı kəndinin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1967-ci il fərmanı ilə dəyişdirilib Lçavan qoyulmuşdur.[11,s.347-348]
Bu sətirlərin müəllifinin 2011-ci ildə “Filologiya məsələləri” elmi jurnalında nəşr olunan məqaləsindən (ixtisarla): “Əmirzadayev İslam Məhəmmədəli oğlu (Aşıq İslam) 1910-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndində anadan olub. Anası Qaratel mahalın Daşkənd kəndində yaşamış Dərzilər nəslindən Məsimin qızı olmuşdur. 1943-cü ildə Aşıq İslam Böyük Vətən Müharibəsinə səfərbər olunmuş, İrana göndərilən hərbi hissənin tərkibində İrana getmiş və bir daha geri qayıtmamışdır.
Daşkəndli el şairi Muxayıl Göyçəli (1918-1944) Aşıq İslamın dayısı Budağın oğludur. Qeyd olunan qohumluq əlaqələrinə görə Aşıq İslam Daşkəndlə sıx təmasda olmuş, həftələrlə kənddə qalmış və toy məclisləri, el şənlikləri keçirmişdir. Elə bu səbəbdən də ustad aşıqlardan olan Aşıq İslam Yarpızlı Daşkənddən Aşıq Abbasəli Xəlilovun (1913-2007) və Aşıq Abbasəli Nəzərovun (1919-1992) ustadı olmuş, onların aşıq kimi yetişməsində əvəzsiz rol oynamışdır. Aşıq İslam Muxayıl Göyçəliyə də saz havalarını və ifaçılığı öyrətsə də, o aşıq kimi yox, daha çox el şairi kimi tanınmışdır.
Tam dəqiqləşdirilməmiş şəxsi araşdırmalarımıza görə Aşıq İslamın ustadı öz həmkəndlisi Yarpızlı Aşıq İman olmuşdur.
...Sazın-sözün vurğunu Daşkəndli Murtuz Bayramquliyevin (1926-2007) əlyazmalarında aşığın “Bəyənməz” və “Qurqalanmasın” rədifli qoşmaları, “Yox” rədifli divanisi, “Könül ilə İslamın deyişməsi” və Növrəs İmanla Aşıq İslamın “İbtida” (tərs əlifbey divani) rədifli deyişməsi olmaqla cəmi 5 şeir yazılmışdır. Daşkəndli el şairi Muxayıl Göyçəli ilə Aşıq İslamın 20 yanvar 1941-ci il tarixdə yaranan “Əzizim” rədifli deyişməsi isə ilk dəfə 2008-ci ildə bu sətirlərin müəllifinin “Daşkənd aşıqları və şairləri” adlı kitabında çap olunmuşdur.[8,s.84]
Aşıq İslam haqqında apardığımız araşdırmalar zamanı bizə yaxından köməklik edib, məlumatlandıran İslamın dayısı oğlu, Muxayılın kiçik qardaşı olan Oruc Məsimov (1926) oldu. Onun indiyə qədər qoruyub saxladığı qardaşı Muxayılın 1942-1943-cü illərə aid əlyazmaları köməyimizə çatdı. Demək olar ki, Aşıq İslamın xeyli şeirləri həmin əlyazmalarda toplanmışdır. Biz bu əlyazmaların surətini çıxarmış və 5 cilddə cildləmişik. Əlyazmalarda bir dastan da olmaqla Aşıq İslamın yaradıcılığına məxsus gəraylı, qoşma, təcnis, dodaqdəyməz, divani, müəxəmməs, qıfılbənd, nəzirə və deyişmələri öz əksini tapmışdır. Şeirlərin demək olar ki, hamısında Aşıq İslam təxəllüsünü Cavan İslam kimi möhürbənd etmişdir. Əlyazma cildlərdə təxminən şeirlər bu saydadır: 5-1-ci cilddə 1 dastan, 5-2-ci cilddə 55 bağlama və dodaqdəyməz, 5-3-cü cilddə 60 müxtəlif şeir, 5-5-ci cilddə 105 müxtəlif şeir, nəzirə və deyişmələr vardır (5-4-cü cilddə 57 şeir var, bu şeirlər Muxayılındır). Aşıq İslamın zəngin ədəbi irsi təəssüf ki, bu günə qədər toplanılıb çap olunmamışdır.”[12,s.350-354]
Aşıq İslam Yarpızlının “Yox”, “Bağlıdı” rədifli divaniləri və “Əzizim” rədifli deyişməsi “Ozan dünyası” jurnalında çap olunmuşdur.[13,s.60-61]

Aşıq Ziyad: Məmmədov Ziyad Nadir oğlu 1911-ci ildə Daşkənd kəndində doğulmuşdur. 1937-ci ildən ÜİLKGİ-nin üzvü olmuşdur. 1941-ci ilin sentyabr ayında Bаsаrkeçər RHK-dаn оrduyа çаğırılmışdır. Bаş çavuş Ziyаd Məmmədоv bölük kоmаndiri olmuşdur. 30 iyun 1942-ci ildə Ukraynanın Sevаstоpоl rayonu ərаzisində əsir düşmüşdür.[4, 65722893]
İstinad etdiyimiz saytdakı digər bir sənəddə bаş serjant Məmmədоv Ziyаd Nаdir оğlunun 21-ci ehtiyаt аtıcı divizyаnın 102-ci ehtiyаt аtıcı аlаyının (1-ci təlim batalyonu, 4-cü rota) bölük kоmаndiri və аtıcısı olduğu göstərilir. O, 1942-ci ildən Almaniyadakı İmştrans əsir düşərgəsində işləmişdir. Keçmiş hərbi əsir Ziyad Məmmədov 20 aprel 1945-ci ildə İtaliyanın Taranto şəhərindən Odessa şəhərindəki toplanış-yoxlama məntəqəsinə gətirilib. Qeydiyyat nömrəsi 9155 olmuşdur. 20 iyul 1945-ci ildə Tomsk stansiyasındakı Baş Təchizat İdarəsinin Çeromışşensk Kombinatı (Kursivlə verilən cümlə sənədin “Getdiyi tarix və yer” bölməsinə sonradan əlavə edilib). Kartoçkanı 7 may 1945-ci ildə 4-cü rotanın komandiri, qvardiya baş leytenantı Osipov doldurmuş və imzalamışdır.[4, 85431906]
Aşıq Ziyad Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində doğulan, sonralar Tovuz rayonunda yaşayan Aşıq Əsədin (1874-1951) şəyirdi olmuşdur.[8,s.85] Aşıq Ziyad qısa bir müddətdə nəinki Dаşkənddə, eləcə də Göyçə mahalında ustаd аşıqlаrdаn biri kimi tanınmış, toy məclislərinin, el şənliklərinin mütəmadi aparıcısı olmuşdur. O ifaçı aşıq olmaqla yanaşı, həm də yaradıcı aşıq olmuşdur. Təəssüf ki, hələ aşığın yaradıcılığını əldə edə bilməmişik. Nərimanlı Bəhmənlə deyişdiyini də deyənlər var. Aşıq Ziyad həmçinin Zərkəndli Aşıq İdris Məhərrəmovun sədri olduğu Basarkeçər aşıqlar təşkilatının üzvü olmuşdur.
Aşıq Ziyad ustadı Aşıq Əsədin qızı Sürayəni (Sura) sevmiş, qızı Daşkəndə qaçıraraq onunla ailə qurmuş, Zəhra və Turac adlı iki qızı olmuşdur. Aşıq Ziyadın nəvə-nəticələri hal-hazırda Tovuz rayonunda yaşayırlar.
Bu sətirlərin müəllifinin “Daşkənd aşıqları və şairləri” kitabında Aşıq Ziyadın 1917-ci ildə doğulduğu göstərilmişdir.[8,s.85] Yuxarıda rəsmi sənədlərə əsasən verilən məlumatlar bu kitabın çapından sonra əldə edildiyindən aşığın təvəllüdü qohumlarının söyləmələrinə əsasən yazıldığından yanlışlıq olmuşdur.

Qul Yunus: Abbasov Yunus Canbaxış oğlu 1912-ci ildə Zod kəndində doğulmuşdur. 1942-ci ildə Bаsаrkeçər RHK-dаn оrduyа çаğırılmışdır. Sonuncu məktubu 160 saylı hərbi hissədən – 883-cü səhra poçtundan gəlmişdir. 1942-ci ilin iyul ayında itkin düşmüşdür.[4, 60956678]
İstinad etdiyimiz saytdakı digər iki sənəddə də sıravi Abbasov Yunus Canbaxış oğlunun Zod kəndində doğulduğu və 1942-ci ilin iyul ayında itkin düşdüyü qeyd edilmişdir.[4, 87481009, 87569512]
Professor Q.Namazov “Aşıqlar” kitabında yazır (ixtisarla): “Qul Yunus (1912-1943) Göyçə mahalının Zod kəndində doğulub. Dövründə təhsil alıb, müəllim sənətinə yiyələnib. Kənddə tanınmış ziyalılardan biri olub. Göyçə aşıq mühitini mükəmməl öyrənib. Aşıq şeirinin çeşid-çeşid şəkillərində lətif nümunələr yaradıb.
İstedadlı, gözəl saz şairi rus-alman savaşında ölüb. Onun ağızlarda bəzi şeirləri qalıb. Bu şeirlər göstərir ki, Qul Yunus saz şeirinə dərindən bələd olub.”[6,s.240]
Qara Namazov həmin kitabda şairin “Hayıf” rədifli qoşmasını və “Üstədir” divanisinin bir bəndini çap etdirmişdir.
Şair Yunus Abbasov Sara xanımla ailə həyatı qurmuş, Telman adlı oğlu olmuşdur. Telman da atasının yolunu davam etdirmiş, müxtəlif səpkili şeirlər yazmışdır. Hal-hazırda nəvə-nəticələri Göygöl rayonunda yaşayırlar.

Aşıq Əli Şairov: Bu sətirlərin müəllifinin “Bütöv Azərbaycan” qəzetində nəşr olunan “Aşıq Əli Şairov” adlı məqaləsindən (ixtisarla): “Şairov Əli Şamil oğlu 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, XIX əsrin məşhur еl şairi Məmmədhüsеynin nəticəsidir. Aşıq Əli Şairov 1941-ci ildə Ikinci dünya müharibəsinə səfərbər olunanda subay olmuşdur. Onun sonuncu məktubu 1943-cü ildə Port-Artur şəhərindən gəlmişdir.
Əli Şairov haqq vеrgili şair və aşıq olmuşdur. Bunu həmkəndliləri dəfələrlə söhbətlərində təsdiqləmişlər. Onun sazı və əlyazmaları son vaxtlara qədər qohumları tərəfindən saxlanıldığı söylənilsə də, hələlik bu sadalananlardan hеç birini əldə еdə bilməmişik. Hətta şair Məmmədhüsеynin də şеirlərinin böyük bir qisminin onun əlyazmalarından əldə olunduğu söylənilir.
Aşığın həyat və yaradıcılığı haqqında xеyli araşdırma aparmışıq.
Xasay Zеynalov əlyazmasında Aşıq Əli Şairovun 14 şеirini qələmə almışdır.[14,s.104-114] Qara Namazov aşığın tərcümeyi-halını və 1 qoşmasını kitabda çap еtdirmişdir.[6,s.136-137] “Durna qatarı-II” ədəbi toplusunda aşığın yaradıcılığı haqqında kiçik şərh verilməklə cəmi 5 şеiri çap olunmuşdur.[15,s.122-125]
Bu sətirlərin müəllifinin 2008-ci ildə Göyçə mahalının Daşkənd kəndinin aşıqları və şairlərinin həyat və yaradıcılıqları haqqında apardığı araşdırma və onun nəticəsi olaraq AMЕA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitabında Aşıq Əli Şairovun tərcümеyi-halı ilə bərabər cəmi 12 şеiri də işıq üzü görmüşdür.[8,s.60-66]
Aşıq Əli Şairovun 14 qoşması, 1 gəraylısı, 1 divanisi və 1 dеyişməsi olmaqla hələlik bizə məlum olan cəmi 17 şеiri vardır.”[16]
Aşığın doğum tarixini Qara Namazov 1911-ci il göstərmişdir.[6,s.136]

Muxayıl Göyçəli: Bu sətirlərin müəllifinin 2010-cu ildə “Elmi axtarışlar” jurnalında nəşr olunan “El şairi Muxayıl Göyçəli” məqaləsindən (ixtisarla): “Məsimov Muxayıl Budaq oğlu 1918-ci ildə doğulmuşdur. Dərzilər nəslindəndir. 1932-ci ildə Daşkənd kənd yeddiillik orta məktəbini bitirmişdir. Muxayıl ədəbiyyatı, rus dilini, cəbri özəlliklə yaxşı bilirmiş.
Böyük Vətən Müharibəsi başlayanda Muxayıl da 1941-ci ildə müharibəyə səfərbər olunmuşdur. O, 26 fevral 1942-ci ildə ağır döyüşlərin birində yaralanaraq ordudan tərxis edilmişdir. Müalicəsi doğma kənddə davam etdirilsə də, 15 dekabr 1944-cü ildə müharibədə aldığı yaralardan subay ikən əbədiyyətə qovuşmuş və Daşkənd kəndində dəfn olunmuşdur.
Muxayıl Göyçəlinin əlyazmaları və bir neçə cəbhə şəkilləri Göyçə mahalından deportasiya olunub 1988-ci ildən hal-hazıra qədər Bərdə rayonunun Yeni Daşkənd kəndində məskunlaşan qardaşı Məsimov Oruc Budaq oğlu tərəfindən qorunub saxlanılmaqdadır.
Onun 1943-cü ilə aid əlyazmasının içərisində Şair Məmmədhüseynin “Xəbər al deyim”, “Yaxşıdır” qoşmalarına, “Yatıb oyanmaz, oyanmaz” gəraylısına, İsoy Qurbanovun “Eylə”, “Oldumu” və “Qaldım” rədifli qoşmalarına, Aşıq İslam Yarpızlının “Əzizim” qoşmasına da rast gəldik.
Əlyazmalardan bəlli olur ki, Muxayıl Göyçə ədəbi mühitindən, Azərbaycan klassik ədəbiyatından və şifahi xalq ədəbiyyatından lazımınca yararlanmış və şeirin müxtəlif növlərində – gəraylı, qoşma, təcnis, cığalı təcnis, divani kimi şeirlər yazıb-yaratmışdır. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, o hətta rus dilində də şeir yazmışdır.
Muxayıl həmçinin saz havalarına və saz ifaçılığına da dərindən bələd olmuşdur. Saz havalarının öyrənilməsində bibisi oğlu Aşıq İslam Yarpızlının böyük rolu olmuşdur. Cəmi 26 il ömür yaşamış Muxayıl Göyçəli el içində el şairi kimi tanınmışdır.
Şairin yaradıcılığında qəmli şeirlər üstünlük təşkil edir. Bu da onun uzun müddət (33 ay) xəstə olması ilə əlaqədardır.
Muxayıl Göyçəlinin əlyazmalarında sadə və adi görünsə də belə, diqqətimizi çəkən bir nüansı da qeyd etməliyik. Çağdaş poeziyamızda yazılan şeirlərin sonluğunda qoyulan tarixlərə çox rast gəlinir. Bu isə son on illiklərin dəbidir, – desək yanılmarıq. Lakin 1943-cü ilə aid əlyazmada hər bir şerin sonluğunda qoyulan tarixlər şairin mütərəqqi bir şəxs olduğunu deməyə imkan verir.
Təəssüflər olsun ki, belə istedadlı el şairinin şeirləri hələ ki, tam şəkildə toplanıb çap olunmamışdır. Muxayıl Göyçəlinin şeirlərini toplayıb çap etdirməyi özümüzün mənəvi borcu hesab edirik.”[17,s.11-14]
“Daşkənd aşıqları və şairləri” kitabında şairin “İndi”, “Çətindi”, “Dolanmasın”, “Məni”, “Neyləyim”, “Ayrılıqdı” rədifli qoşmalarını, “Var” rədifli bağlama-qıfılbəndini, “Yoxdu” rədifli gəraylısını, “Tərsinə gedər” rədifli cığalı təcnisini və “Əzizim” rədifli deyişməsini (Yarpızlı Aşıq İslamla) çap etdirmişdir.[8,s.79-84]

Aşıq Süleyman: Hüseynov Süleyman Gülalı oğlu 1919-cu ildə Böyük Qaraqoyunlu kəndində doğulmuşdur. 2 yanvar 1942-ci ildə Bаsаrkeçər RHK-dаn оrduyа çаğırılmışdır. Süleyman Hüseynov 903-cü atıcı alayın əsgəri olmuşdur. Sonuncu məktubu 1943-cü ilin yanvar ayında 1660 saylı səhra poçtundan gəlmişdir. 1943-cü ilin mart ayında itkin düşmüşdür.[4, 58133173] İstinad etdiyimiz saytdakı digər bir sənəddə sıravi Hüseynov Süleyman Gülalı oğlunun Əzizli kəndində doğulduğu, 1942-ci ilin mart ayında itkin düşdüyü qeyd olunmuşdur.[4, 87481236] Yeri gəlmişkən, onu da qeyd edək ki, Böyük Qaraqoyunlu kəndinin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə dəyişdirilib Əzizli qoyulmuşdur.[11,s.148]
Yaxın qohumu Şahvələd İsmayılovun verdiyi məlumata görə, Həsənov Gülalı Hüseyn oğlunun ailəsində doğulan Aşıq Süleymanın itkin düşməsi haqqında rəsmi məlumat verilsə də, cəbhə yoldaşlarının söylədiyinə görə, sovetlər uğrunda vuruşmamaq üçün ordudan yayınmışdır. Bundan sonra Türkiyəyə, oradan isə İrana keçmiş, XX əsrin 60-cı illərinə qədər Urmiya ellərində aşıqlıq etmişdir.
Aşıq Süleyman iki çağırış SSRİ Ali Sovetinin deputatı olmuş İman Hüseynovun böyük qardaşıdır.

Aşıq Səfiyar: Hüseynоv Səfiyаr Pаşа оğlu 1920-ci ildə Daşkənd kəndində dоğulmuşdur. ÜİLKGİ-nin üzvü olmuşdur. 20 yanvar 1942-ci ildə Bаsаrkeçər RHK-dаn оrduyа çаğırılmışdır. Sıravi əsgər Səfiyar Hüseynov 1943-cü ilin sentyabr ayında itkin düşmüşdür.[4, 63914855] İstinad etdiyimiz “obd-memorial.ru” saytındakı digər bir sənəddə Hüseynov Səfiyarın 1924-cü ildə doğulduğu, 1943-cü ilin martında оrduyа çаğırıldığı, 1944-cü ilin avqust ayında Rumıniyada itkin düşdüyü göstərilir.[4, 68389259] Yenə həmin saytdakı daha bir sənəddə isə Səfiyar Hüseynovun 1920-ci ildə doğulduğu, 1944-cü ilin dekabrında оrduyа çаğırıldığı, 1945-ci ilin yanvar ayında son məktubunun gəldiyi və 1945-ci ilin fevral ayında itkin düşdüyü göstərilir.[4, 64052409]
Dаşkənd kəndində Zeynallılar nəslində doğulan Aşıq Səfiyar gənc olmasına baxmayaraq qısa bir müddətdə nəinki Dаşkənddə, eləcə də Göyçə mahalında istedadlı аşıqlаrdаn biri kimi tanınmışdır. Aşıq Səfiyarın böyük qardaşı Ağayar (1912-1943/45) kamança və saz ifaçısı olduğundan qardaşının ustadı o özü olmuşdur. Yeri gəlmişkən, o bu sənəti əmisi oğlu müəllim və el şairi İsmayıl Hüseynova (1926-1995) da öyrətmişdir.[8,s.101]
Aşıq Səfiyar 1938-1941-ci illərdə Zərkəndli Aşıq İdris Məhərrəmovun rəhbərlik etdiyi Basarkeçər aşıqlar ansamblının üzvü olmuş, ifaçı aşıq olaraq bir çox el şənliklərinin, dövlət tədbirlərinin iştirakçısı olmuşdur.
Aşıq Səfiyar 1938-ci ildə İrəvanda keçirilən Aşıqlar Müsabiqəsində fəal iştirak etmiş, festivalda III yeri tutmuş, döş nişanı ilə (əvvəllər anasında olan həmin nişan hazırda qızı tərəfindən qorunub saxlanılır) təltif edilmişdir.
Aşıq Səfiyar Fərək Balış qızı (1924-2006) ilə ailə həyatı qurmuş, Məmləkət adlı qızı olmuşdur.
 
Apardığımız bu araşdırmanı bitmiş hesab etmək olmaz. Belə ki, müharibədə həlak olan Göyçəli aşıq və şairlərimizi tam tədqiq etmək mümkün olmadı. Haqqında məlumat əldə edə bilməsək də adları bizə məlum olanlar var. Aşıqlardan Kazım Əhməd oğlu (İnəkdağ), Vəli Bahan oğlu (İnəkdağ) şairlərdən Əmirəhməd Məmmədov (Qızılvəng), Oruc Hacıyev (Zağalı) və başqaları haqqında gələcəkdə araşdırmalar aparmaq niyyətindəyik.

İstifadə edilmiş ədəbiyyat:
1. Ziyəddin Məhərrəmov. “İrəvanda məktəbdarlıq və maarifçilik”. Bakı, “Nurlan”, 2010
2. Tərlan Göyçəli. “Göyçə aşıq məktəbi”. Bakı, “Göytürk”, 1998
3. İslam Ələsgər, “Sazlı-sözlü Göyçə”. Bakı, “Azərnəşr”, 1999
4. ОБД Мемориал − https://obd-memorial.ru/html/
5. Ziyəddin Məhərrəmov. “XX əsr Göyçə aşıq mühiti. 1920-1950-ci illər”, Bakı, “Azərbaycan Ensiklopediyası” NPB, 1997
6. Qara Namazov, “Aşıqlar” I kitab, Bakı, “Səda”, 2004
7. Musa Nəbioğlu. “Ozan-aşıq dünyası”. Bakı: “Nurlan”, 2010
8. Araz Yaquboğlu. “Daşkənd aşıqları və şairləri”, Bakı, “Nurlan”, 2008
9. Aşıq Şəmşir. “Qulağımdan getmir səsi”, “Azərbaycan gəncləri” qəzeti, 16.03.1971
10. Rübabə Şirinova, “Zərnişanım gözlə, gözlə yolumu...”, “Yada düşdü” jurnalı, № 28, İyun 2017 − http://yadadushdu.org/journal/article/369
11. İbrahim Bayramov. “Qərbi Azərbaycanın türk mənşəli toponimləri”. Bakı: “Elm”, 2002
12. Araz Yaquboğlu. “Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında”. “Filologiya məsələləri” elmi toplusu, №2, 2011-ci il
13. Araz Yaquboğlu. “Aşıq İslam Yarpızlının sənət dünyası”, “Ozan dünyası” jurnalı, №1(4), 2011
14. Xasay Zеynalov. “Göyçə mahalının tarixindən yarpaqlar” (əlyazma), Bakı, 2001
15. “Durna qatarı-II”, (toplayıb tərtib еdəni: Məhəmməd Ələkbərli). Bakı, “Nurlan”, 2006
16. Araz Yaquboğlu. “Aşıq Əli Şairov”, “Bütöv Azərbaycan” qəzeti, 27 iyul 2011-ci il. № 25 (113)
17. Araz Yaquboğlu. “El şairi Muxayıl Göyçəli”, “Elmi axtarışlar”, VI/2010, Bakı, “Nurlan”, 2010