Gözümdən dəmbədəm axan qəmindən su degil, qandır
Gözümdən dəmbədəm axan qəmindən su degil, qandır Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.257. 22 avqust 2017 tarixində arxivləşdirilib |
Gözümdən dəmbədəm axan qəmindən su degil, qandır,
Ləbin qəndindən, ey can, gəl susamış canımı qandır.
Vücudum şəhrini qıldı müsəxxər ləmyəzəl eşqin,
Bu şəhristanda eşq olsun məlik daim ki, xaqandır.
Qaşınla kirpigin vəhyi mana gəldivü bildirdi
Ki, sənsən ərş ilə kürsü, üzün yazısı Qur’andır.
Gəl, ey hurisifət dilbər ki, qəmdən bağrımın içi
Səba ol qönçəyə bənzər kim, ağzı dopdulu qandır.
Ənəllahın odundan kim, yanağın şəm’i yandırdı,
Ləbi-lə’lindən afaqı həyatın abına qandır.
Rüxün şəm’i fəraqından könül pərvanətək yandı,
Ulaşdır vəslə hicranı, həsudun bağrını yandır.
Sana huri əgər bir gəz qılırsa hüsnünü ərzə,
Rüxün bədrin əyan eylə, üzündən anı utandır.
Camalın vəslinə canım susadı, yürəgim yandı,
Könül hicrindən usandı, məni hicrindən usandır.
Xəyalın gərçi şad eylər məni hər gah, gah amma,
Fəraqın qüssəsin gör kim, necə bihəddü payandır.
Fərağından axan yaşım məni qərq eylədi suya,
Gözümdən yaşımı gör kim, nə seyl axır, nə tufandır.
Nəsimidən cüda yarı qılan həqdən cüda olsun
Ki, yarından cüda yarı qılan bidinü imandır.