Gözün aç, gəldi oğulsuz atan imdadə, oğul

Vikimənbə saytından
Gözün aç, gəldi oğulsuz atan imdadə, oğul
Müəllif: Abdulla bəy Asi
növhə
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Gözün aç, gəldi oğulsuz atan imdadə, oğul,
Dur otur, qoyma gəlim bir belə fəryadə, oğul.

Şamə döndərdilə Şam əhli işıq gündüzümü,
Qəlbimə dağ çəkib, qoydular ağlar gözümü,
Əli, səndən sora ölmüş görürəm mən özümü,
Dirilik səbdi sənsiz mənə dünyada, oğul.

Əli, peykani-bəla qəlbimi bica oymaz,
Əşgimə mane olam şöleyi-ahim qoymaz,
Sən kimi oğlu ölən gərdü qübardan doymaz.
Olmaz öz mərginə hər ləhzədə amadə, oğul.

Bir ürək ki, Əli, sən tək bir oğul dağı ola,
Çox çətindir, o ürək şad ola, bir də açıla,
Qan ola qəlbi gərək, gözləri əşk ilə dola,
Hər qədər sağdı, gələ naləvü fəryadə, oğul.

Nə sitəmkardı o kəslər ki, vurub yarə sənə,
Nə sənə həqqi gəlibdi, Əli, nə rəhmi mənə,
Döndərib cismüvi oxdan gül açan bir çəmənə,
Gətirib möhnətü qəm gülşəni icadə, oğul.

Göyün ulduzlarını yaraların san veriri,
Baş açıb hər yarə cismində, Əli, qan veriri,
Başın üstündə atan, sən tək oğul can veriri,
Bəli, bir ruh iki qəlbidədi mənadə, oğul.

Bilisən, xatiri-zarım doludu nisgil ilə,
Niyə dinmirsən, Əli, dindirirəm hər dil ilə,
Mənlə bir kəlmə danış, qoyma bu suzi-dililə,
Ola tainki təsəlli dilə, şahzadə, oğul.

Qəlbimin sirrini Allah bilər, özgə nə bilir,
Necə mən ağlamayım, sən kimi bir oğlum ölür,
Baxıri halıma Səd oğlu şəmatətlə gülür,
Vururi tənə oxun bu dili-naşadə, oğul.

Bu gözəl cismüvi gördükcə quru yerdə, Əli,
Ürəyim başı yanır, dil gəliri dərdə, Əli,
Elə dərdi ki, sağalmaz bilirəm bir də,Əli,
Bexüsusi ki, müasir ola əkbadə, oğul.

İstərəm zəxmi-dili-Leylini bəlkə bitirim,
Verməmiş can səni ol bikəsü yarə yetirim,
Bilmirəm nəşüvi nə növ ilə yerdən götürüm,
Baxıram, xərməni-səbrim gediri badə, oğul,

Bənd-bəndindən edib cismivü əşrari-zimən,
Pozulan gülşənə bənzər, Əli, bu parə bədən,
Səni nə növ ilə bilməm aparım xeyməyə mən,
Yox təvan həmlinə mən bikəsü tənhadə, oğul.

Göstərir, zəxmi-sərin ayəti-şəqqülqəməri,
Bu necə zəxmdi, ey nəxli-ümidim səməri,
Günü qara eləyib itrəti-Xeyrulbəşəri,
Qoymayıb zilvə məhi-ənvəri-bəthadə, oğul.

Əli, sidq ilə olub Asi sənə növhəsəra,
Eyləyibdir o gözəl adıvı ünvani-büka,
Bir səni hər iki dünya bilir ümmidü rica,
Həmi dünyadə əvəz ver, həmi üqbadə, oğul!