Məzmuna keç

Gözün tək, gozlərim nuru, mənim bimardır könlüm

Vikimənbə saytından
Gözün tək, gozlərim nuru, mənim bimardır könlüm
Müəllif: Molla Zeynalabdin Sağəri

Gözün tək, gozlərim nuru, mənim bimardır könlüm,
Camalın gulşənində əndəlibi-zardır könlüm.

Həzər qıl, vurma şanə zulfı-purcinə sən, ey Leyli,
Musəlsəl zulfı-purcinində Məcnun vardır könlüm.

Ləbi-ceşmin xəyali qanə dondərmiş könül mülkün,
Əyaği-badə tək qandan dolub, sərşardır könlüm.

Xəyali-turreyi-purcin ilə şamım səbah olmaz,
Qəsəm ol türreyi-mişkinə, daim tardır könlüm.

Səri-ku itlərimə hər nə var təqsim qıldım raən,
Təsəvvur eyləmə, ey dilruba kim, vardır könlüm.

Gozumdə xabilə bir istirahət yox mənə hər dəm,
Sənin fikri-xəyalınla əcəb bıdardır könlüm.

Qocalıq yayə döndərdi qədin, ey Sağəri, likən
Könül hərgiz qocalmaz, aşiqi-didardır könlüm.