Məzmuna keç

Gözəl (Şair Aqil)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gözəl (Şair Aqil)
Müəllif: Şair Aqil
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Qaşı qara, gözü qara,
Həm də zülfü qara gözəl!
Ey mahitab, etmə kabab
Qəlbimi odlara, gözəl!
Ey cananım, çıxdı canım,
Yandı cismim nara, gözəl!
Ey sitəmkar, bu xun ciyar
Olub hazar para, gözəl!
Ey əhli-dil, dərdimi bil,
Qıl dərdimə çara, gözəl!

Allah, aman, çıxdı bu can,
Halıma bir yan, gözəlim!
Ərzimi al, qeydimə qal,
Eyləmə peşman, gözəlim!
Gözəl çoxdu, fəqət yoxdu
Sən kimi insan, gözəlim!
Ey Həbibə, ey nəcibə,
Dərdlərə dərman, gözəlim!
Xəstəyəm, yol üstəyəm,
Rəhm elə bimara, gözəl!

Ay seyid, eylə qeyd
Dəftərinin bucağına;
Etmə cuda, olum fəda
Cəddinizin ocağına!
Bu gül yanaq, qönçə dodaq,
Yusif düşüb sorağına;
Eyləmə səs, sən məni kəs,
Qurban eylə ayağına;
Canım ala, nəzər sala,
Bəlkə bu mahpara gözəl.

A qardaşım, a yoldaşım,
Hanı cahanda beləsi;
Təbriz, Maku, Tiflis, Bakı –
Yoxdu heç yanda beləsi;
Sinəsi qar, məməsi nar,
Bizim zamanda beləsi;
Çox aranıb, tək yaranıb
Azərbaycanda beləsi;
Zülfü kəmənd, Aqil pəsənd
Tən edir Xumara gözəl.