Məzmuna keç

Gözəllər (Olam pasibanı seyrangahların)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gözəllər
Müəllif: Aşıq Alı

Olam pasibanı seyrangahların,
Seyr edə yaylağı yazı gözəllər.
Çeşmə kənarında gərdən çəkəndə,
Heyran qoyur quba-qazı gözəllər.

Əbrişin libasdı, ahu baxışdı,
Qüdrətindən pür boyalı naxışdı.
Fərq eyləməz ya bahardı, ya qışdı,
Müdam eylər işvə-nazı gözəllər.

Nurdan xəlq olunub, qəddi-qaməti,
Huriyə, qılmana var dəlaləti.
Nəğmədə dolanır şanı, şöhrəti,
Yoldan eylər dayanmazı gözəllər.

Gördüm sizi dərdə məlhəm, çaralı,
Düzlərin ceyranı, dağın maralı.
Hicran çəksə gül rüxsarı saralı,
Növcavanlar qəlb həmrazı gözəllər.

Mina gərdən, incə beli görməsəm,
Qönçədəhan, şəkər dili görməsəm,
Qələmqaşı, siyahteli görməsəm,
Tərk eylərdim bu avazı, gözəllər.

Sərrafı olmasam şəhla gözlərin,
Seyrinə çıxmasam şəmsi üzlərin.
Vəsfi olmasaydı ay bənizlərin,
Yad etməzdim əsla sazı, gözəllər.

Qəlbə şölə verən siz çeşmi çıraq,
Amandı olmayın gözümdən iraq.
Bir əlində qələm, birində varaq,
Alı sizə dastan yazı, gözəllər.