Gözəllər (Xəstə Hasan)

Vikimənbə saytından
Gözəllər
Müəllif: Xəstə Hasan
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Gözəllərin dərgahına uğradım,
Birər-birər bəri varın, gözəllər.
Bəriyə varanda can təzələnər
Haqq yetirib bu güzarı, gözəllər.

Kiminiz xınalar əzmişsiz üzə,
Kiminiz şəkərlər qatmışsız sözə,
Üz tutub nəzərlər çevirin bizə,
Sevindirin dostu-yarı, gözəllər.

Xəstə Həsən deyər, dürdü sözümüz,
Gözəllərdə qaldı iki gözümüz,
Baxa-baxa bir aşığa yüzünüz,
Yetirtməyin zəhrimarı, gözəllər.