Gül ki, ey qönçə dodaqlım, ki baxıb mən də gülüm

Vikimənbə saytından
Gül ki, ey qönçə dodaqlım, ki baxıb mən də gülüm
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 95

Gül ki, ey qönçə dodaqlım, ki baxıb mən də gülüm,
Tanrı bir başqa gözəllik yaradıb səndə, gülüm.

Oyanıb naz ilə hər sübh dararsan zülfün,
Tellərin ətrini yellər səpələr kəndə, gülüm.

Seyri-gülşəndə çıxıb seyr eləsən naz ilə,
Baş əyər fəxr ilə güllər sənə gülşəndə, gülüm.

Mürği-dil boylanır hərdən qara xalın tərəfə,
Ac quşun bir gözü adətdi qalar dəndə, gülüm.

Öz əliylə bəzəyib həzrəti-memar səni,
Sonra göydən yerə göndərdi nümayəndə, gülüm.

Elədim zülfi-pərişanına bir dəfə nəzər,
Fikrim ondan sonra ta oldu pərakəndə, gülüm.

Mərhəmət eylə, Vüqar bəxtiqarənin gününə,
Bəlkə, biz də çıxarıq bir yana sayəndə, gülüm.