Məzmuna keç

Güldürər (Yunus Əmrə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Güldürər
Müəllif: Yunus Əmrə
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

Dərdli, nə ağlayıb gəzərsən burda,
Ağladırsa mövlam yenə güldürər.
Neçə dərdli qondu, köçdü dünyadan,
Ağladırsa mövlam yenə güldürər.

Bu dərd mənim sevgilimdir, yarımdır,
Ərşə çıxan mənim ahu-zarımdır,
Ağlama, ağlama, Allah Kərimdir,
Ağladırsa mövlam yenə güldürər.

Daim haqqa camalını dilə dur,
Zikr elə mövlanı dildən-dilə dur,
Qəhri kimə isə lütfü onadır,
Ağladırsa mövlam yenə güldürər.

Sevdaya salma bu qərib başını,
Axıdar gözündən qanlı yaşını,
Kərimdir, onardır qulun işini,
Ağladırsa mövlam yenə güldürər.

Yunis, sənin gözlərində çox hal var,
Önündə uğrayıb keçəsi yol var,
Gecə-gündüz dur da mövlaya yalvar,
Ağladırsa mövlam yenə güldürər.