Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.
|
Afərin, səd afərin,
Sən təki yara, Gülxanım.
Gözlərin piyalədir,
Qaşların qara, Gülxanım.
Xəstələr loğmanısan,
Hər dərdə çarə, Gülxanım.
Gözəllər hüsnünü görcək,
Gəlirlər ara, Gülxanım.
Eşqindən divanəyəm,
Bir halım sora, Gülxanım.
Bər-bəzək sərviboya,
Gör necə də tən yaraşır.
Qırçınlı xara tuman,
Əndamına gen, yaraşır.
Büzməli qoftan üstdən,
Çeşnisi çin-çin, yaraşır.
Sultana, xana layiq,
Sənə dövran, gün yaraşır.
Qovma qulu dərgahından,
Çək özün dara, Gülxanım.
Məcnun təki məni niyə,
Dağı-daşı dolandırdın.
Eşqini salıb canıma,
Atəşinə sən yandırdın.
Gecə-gündüz, pünhan aşkar,
Mənə adını andırdın.
Bəs deyilmi bu qədər,
Əzab verdin, usandırdın.
İnsafa gəl, mürvət et,
Gəl xoş ilqara, Gülxanım.
Gəzsələr bütün dünyanı,
Heç diyarda tayın olmaz.
Yanaqların al qönçədir,
Qışı, yazı birdi, solmaz.
Camalındı aydan ötə,
Çənlə, dumanla tutulmaz.
Sür dövran fani dünyada,
Gedərgidir bil ki, qalmaz.
Məmmədhüseyni mehman eylə,
O bağça-bara, Gülxanım.