Gümülüx pəhləvan

Vikimənbə saytından
Rəvayətlər. Gümülüz pəhləvan
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir Gümulux pəhləvan varmış. Yekə bir adammış – boyu üç-dörd metr olarmış. Gümulux, bacısıynan Qarağaclı günbəzində yaşayırmış. Yeddi gün yatırmış, yeddi gün oyaq qalırmış. Yatanda bir yekə daşı günbəzin ağzına yıxırmış ki, gəlib bacısını qaçırtmasınlar. Bir gün bir oğlan öz yoldaşlarını da götürür, Gümuluxun bacısını qaçırtmağa gəlir. Günbəzin ağzına çatanda, qız daşın deşiyindən işarə eləyir ki, Gümuluxun oyanmaq vaxtıdı, gedin yeddi gündən sonra gəlin.

Qayıdıb gedirlər. Yeddi gündən sonra oğlan yenə yeddi qoçaq oğlan götürüb, gəlir qızı qaçırtmağa. Qızı istəyən oğlan özüylə bir ling götürübmüş. Lingi salır, daşı itələyib, içəri keçməyə yer açır. Qızı günbəzdən çıxardıb qaçırdırlar.

Gümulux ayılır, görür günbəzin qapısı açıqdır, bacısı da yoxdur. Günbəzdən çıxıb çayaşağı yüyürür. Yolda dabanına ağac qələmi batır, qanı axa-axa gəlib Mollunun qabağına çıxır. Ürəyinə damır ki, bacısını qaçırdan adam bu kənddəndir. Haylayır, camaat tökülür çayın qırağına. Gümulux deyir:

– Bacımı qaçırdan kimdisə, çıxsın baxım. O adam məndən güclü olmalıdı ki, bacımı qaçırda bilsin.

Qızı qaçırdan oğlan çıxır qabağa. Gümulux baxır ki, bapbalaca bir oğlandır. Deyir:

– Sən ki bu boy-buxunla mənim bacımı qaçırda bilibsən, demək, sən məndən güclüsən.

Gümulux bunu deyib, canını tapşırır. Gümuluxu gətirib Qarağaclı günbəzində basdırırlar.

Mənbə[redaktə]