Gündü bu

Vikimənbə saytından
Gündü bu
Müəllif: Koroğlu
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Mərd igidlər, dava günü gəlibdi,
At sürüb meydana çıxan gündü bu.
Müxənnətlər tər savaşa varıbdı,
Vuruban atından yıxan gündü bu.

Comərd igid heç qaçarmı meydandan?
Qılınc çəkib hayıf alaq düşmandan!
Qorxaq kəslər boyun əyib pünhandan
Sinilib xəlvətdən baxan gündü bu.

Qoç Koroğlu, qılınc götür dəstinə!
Müxənnət paşalar dolub qəsdinə,
Qarı düşman hücum edib üstünə,
Nizəni gözünə soxan gündü bu.