Gələcək şəhər
| Gələcək şəhər (1933) Müəllif: Yusif Vəzir Çəmənzəminli |
| Azərbaycanın ilk elmi-fantastik hekayəsi |
I
Tiflisdən yola düşən təyyarə Kürdəmirə qədər rahat gəldi. Əvvəl sakit görünən hava birdən qarışdı, bərk külək başladı. Təyyarə əvvəlki sürətini dəyişdisə də, irəliyə doğru getmək mümkün olmadı: yel mane olurdu.
Təyyarəçi ətrafı gözdən keçirdi: qaçışan buludlardan başqa bir şey görmədi.
Yel yenə əvvəlki kimi təyyarənin qanadlarını şişirmədə idi.
Təyyarəçi özünü itirmədi. Düşünərək gözlərini yan tərəfə çevirdi: pambıq layları kimi ağaran buludlar adamı qorxudurdu. Təyyarəçi diqqətlə baxdı. Bir tərəf qapqara, о biri tərəf isə işıqlı idi. Çох düşünmədən təyyarənin istiqamətini dəyişməyi qərara aldı. Təyyarə su axınına düşən kimi oldu – böyük bir sürətlə yola davam etdi. Posla şimalı göstərirdi.
Bir neçə saatdan sonra hava ayazımağa başladı. Yel yavaşımışdı.
Lakin aşağı baxıldıqda yerdən heç bir əsər görünmürdü. Ətraf mavi bir boşluqdan ibarət idi.
Arxa tərəfdəki qapalı kamerada iki minik var idi. Biri Həsən, о biri Sandro idi.
İkisi də Bakıya gedirdilər. Fırtınadan Həsənin başı gicəllənirdi, rəngi qaçmışdı.
Üzünü yoldaşına çevirərək:
– Sandro, – dedi, – indi biz Bakıda olmalı idik. Görünür, yolu azdıq.
Sandro:
– Mən də elə zənn edirəm – deyə cavab verdi.
İki tərəf də uzun müddət sükutu pozmadı.
II
Səhərə yaxın Şərq tərəf qızarmağa başladı. Bu qızartı hər kəsdə bir ümid
doğurdu. Sandro aşağı baxdı:
– Həsən, – dedi, – bax, orada ağ ləkələr görünür.
Həsən yuxusuzluqdan qızarmış gözlərini aşağı zillədi, diqqətlə baxdı, rəngsiz
üzü parladı:
– Sandro, – dedi, – şəhərə bənzəyir.
Mis qabı andıran günəşin kənarları göründü, boşluqlara qızıl səpildi. Yel yох
idi. Təyyarə yavaş-yavaş enirdi.
Həsən bir də aşağı baxdı:
– Şəhər! Şəhər! – deyə çığırdı.
Sandro:
– Həm də nə böyük, nə gözəl şəhər! – dedi. – Ağ evlər bağlar içində
gizlənmiş… Bax, damlarda belə bağçalar salınmışdır.
– Gör küçələr nə gözəldir – avtomobil, avtobus, tramvaylar birbirinin arxasınca
sel kimi axır. Artıq şəhər göz qarşısında süfrə kimi sərilib, bütün təfsilatı ilə
görünürdü. Yüzlərcə təyyarə on-on beş mərtəbəli evlərin damlarına qonub, uçmada
idi; şəhər üzərində qurulmuş onlarca asma körpüdən dəmiryol qatarları keçirdi,
kənardan axan bir çay gəmilər və motorlu qayıqlarla dolu idi…
Təyyarə onmərtəbəli bir evin damına qondu. Gənc bir adam irəliləyib, salam
verdi və yol göstərdi. Təyyarəçi, mexanik və miniklər təyyarədən çıxıb liftə
oturdular. Lift sürətlə endi. Gənc adam da burada idi. İki dəqiqə sonra lift durdu.
Qapı açıldı, cürbəcür bitkilərlə bəzənmiş bir terrasa çıxdılar. Gənc bunları salona
dəvət etdi.
Salonun sağ tərəfindəki kiçik otaqda yuyunub silindilər, sonra salonda bir masa
ətrafında oturdular. Masanın üzərinə boşqablar düzülmüşdü.
Hər boşqabın yanında bir zəng düyməsi var idi.
Gənc masa üzərindəki kartı götürüb oxudu və:
– Kim nə istəyirsə, desin, – dedi.
Kimi qəhvə, kimi şokolad, təyyarəçi də çaxırla məzə istədi. Gənc kartı
göstərərək dedi:
– Baxın, buradakı şeylərin yanında bəzi işarələr var. Məsələn bir nöqtə, iki xətt
qəhvə deməkdir; üç xətt, iki nöqtə şokolad; dörd xətt, beş nöqtə çaxıra işarədir…
İndi boşqablarınızın yanındakı düymələri bu işarələrə görə basın.
Hər kəs gəncin təliminə görə düyməni basdı. Bir dəqiqədə boşqablar aşağı
enərək, yerlərində bir boşluq əmələ gəldi. Çох keçmədən boşqablar qəhvə,
şokolad, çaxır, çörək, yağ, pendir və başqa şeylərlə dolu halda geriyə döndü. İki
gündən bəri yeməmiş səyyahlar böyük bir iştaha ilə yeməyə başladılar.
Yeməkdən sonra Sandro gəncə:
– Vətəndaş, – dedi, – başım ağrıyır, mədəm də bulanır. Yaxında bir həkim
varmı?
– Həkim çoxdur. Həkimlər evinə telefon etməli. Gənc sözlərini qurtararqurtarmaz masanın üstündəki telefonu əlinə götürdü. О saat telefonun aynasında
bir şəkil göründü. Bu bir çocuq idi:
– Kimi istəyirsiniz? – deyə soruşdu.
– Daxili xəstəlik mütəxəssisi lazımdır.
– Bir dəqiqə gözləyin, – deyə çocuq aynadan yох oldu. İki dəqiqə sonra aynada
üzü qırxıq bir qoca göründü:
– Xəstə kimdir? – deyə sordu.
Sandro irəli yeridi.
– Mənəm.
– Nəyindir?
Sandro anlatdı. Həkim:
– Dilinizi göstərin, – dedi.
Sandro dilini çıxardı. Aynadakı həkimin üzü ciddiləşdi. Gözlərini diqqətlə
Sandronun dilinə zillədi, sonra:
– Yaxşı, – dedi, – bir dərman yazaram, aptek hazırlar. Bir saat sonra alarsınız.
Həkim Sandronun adresini soruşub, yох oldu. Bir saat sonra evin qapısında bir
avtomobil dayandı. Ağ geyimli bir qız Sandroya dərman gətirdi.
Günorta yeməyindən sonra şəhərə çıxdılar. Avtomobil onları sürətlə apararkən
birdən durdu. Hər kəs bir-birinin üzünə baxdı.
– Nə oldu? – deyə soruşdular.
Gənc anlatdı:
– Avtomobillərin, tramvayların, adam basmasın deyə, motorlarına bir makina
qoyulmuş. Ön tərəfdə maneə görünən kimi motor öz-özünə dayanır. Bu maneəni
icad edən mühəndisə şəhər bağlarının birində heykəl qoyulmuşdur, indi
görəcəksiniz.
Həsən heyrətlə:
– Deməli, küçələrdə on minlərcə avtomobil işlədiyi halda heç bir bədbəxt
hadisə əmələ gəlmir.
– Heç.
Avtomobil bir bağın önündə durdu. Endilər. Bağın gözəlliyini təsvir etmək
çətindir. Hər tərəf gül-çiçək idi. Xiyabanlar heykəllərlə dolu idi. Addım başına bir
hovuz var idi. Hər on addımda bir makina qoyulmuşdu, üzərində cürbəcür şeylər
yazılmışdı: qəhvə, şokolad, kitab, karandaş, meyvə… Yazıların yanındakı
düymələrə barmaq basıldıqda, о saat yan qapıdan bir şey çıxaraq verilirdi.
Makinalar şüurlu bir halda insanları əvəz edirdi. Hər meydançada radio oxuyurdu.
Onların gözləri birdən göyə sataşdı. Havada cürbəcür rənglərdə yazılar
yazılırdı. Teleqraf xəbərləri, şəhər hadisələri, elanlar, siyasi, ictimai, tibbi
mülahizələr qeyd olunurdu. İşıq vasitəsilə havada yazılan bu xəbərlər beş-on
dədiqədən bir dəyişilirdi.
Bir də göydə iri hərflərlə "Yağış yağacaq!" sözləri yazıldı. haman, hər kəs
daldalanmağa çalışdı. Səyyahlar bağdakı köşklərin birinə çəkildilər.
Həsən heyrətlə:
– Yağış yağacağını nədən bilirlər? – deyə sordu.
Gənc:
– Burada buludları da göyə makina vasitəsilə gətirirlər, – dedi.
– Şəhəri təmizləmək üçün gündə iki dəfə yağış yağdırılır.
Bir neçə dəqiqə müddətində göyü buludlar basdı, bərk yağış yağdı. Minlərcə
altılülə fırçalı avtomobillər çıxaraq küçələri süpürməyə başladı. On dəqiqə sonra
buludlar dağılıb, göy təmizləndi, günəş göründü.
Böyük binaların hər birində ümumi yeməkxana, çocuq bağçası və dispanser var
idi. Həmin binalarda yaşayanlar ayda bir dəfə müayinəolunmağa məcburdular.
Səyyahlar bunu bilərək dispanserə getdilər. Dispanser bir neçə otaqdan ibarət
idi. Divarlar ağ mina kərpiclərdən idi. Burada bir çox makinalar var idi. Ağıla
gəlməyən bir təmizlik gözə çarpırdı.
Səyyahları soyundurdular. Həsəni bir makina qarşısına qoyduqda bədəninin
şəkli qarşıdakı ekrana düşdü. Makina işlədikcə ətrafdakı şəkil dəyişilirdi. Əvvəl dərinin altı, sonra əzələlər, damarlar, sümüklər, axırda
daxili üzvlər, yəni ürək, ciyər, mədə, böyrəklər… incə nöqtələrə qədər göründü.
Həkim Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi. Həsəni başqa bir otağa
gətirdilər. Ciyərinə bir işıq buraxdılar.
Sonra şərbət kimi bir ilac içirib, yola saldılar. Üç gündən sonra ləkə yох oldu.
Sandronun böyrəyində kiçik bir daş var imiş, onu da işıq ilə əritdilər.
Səyyahlar tibbi məsələlərlə maraqlandılar. Gənc səyyahları maraqlandıran
məsələləri aydınlaşdırırdı:
– Şəhərimizdə xəstəlik yох kimidir. Çünki başlanmasına belə yol verilmir.
Sonra cərrahlıq о qədər irəliləmiş ki, insanın ürəyini, ciyərini belə çıxarıb, əvəzinə
yapmasını qoyurlar. Hətta qayrılmış gözlər belə təbii vəzifələri ifa edir.
Sandro heyrətlə:
– Deməli, insan həmişə yaşaya bilər.
Gənc fikrə getdi:
– Əbədi həyat hələ kəşf olunmamışdır. Ancaq adamı uzun müddət yaşadırlar.
Məsələn, bir qocanın hüceyrəsini dəyişməklə onu gəncləşdirirlər.
İki yüz yaşlı adamlara hər addımda rast gələrsiniz. Bunlar dörd-beş dəfə
gəncləşmişlər və hər dəfə onların yeni uşaqları da olmuşdur.
Səyyahlar fabriklərdən birini görmək istədilər. Gənc bunları yeraltı dəmir yolu
ilə apardı. Şəhər kənarındakı stansiyalarından birində vaqondan çıxdılar.
Platformanın bir tərəfi sağa doğru tərpənərək sürünür, о biri tərəfi də sola doğru.
Səyyahlar ayaqlarını platformaya qoyarqoymaz özlərini fırlanan pilləkən
qarşısında gördülər. Birinci pilləyə çıxdıqda pilləkən bunları yuxarı götürdü.
Küçəyə çıxdılar. Bütün qaldırımlar sağa və sola hərəkət etmədə idi. Ayaqlarını
qoyan kimi, qaldırım bunları küçənin tininə qədər götürdü.
Orada yerə enib, küçəni keçdilər və о biri qaldırım da onları bir dəqiqə içində
ikinci küçənin tininə apardı. Bir neçə dəqiqə keçməmiş fabrikə çatdılar. Qapıçı
telefonla müdirdən müsaidə istəyib, səyyahları içəri buraxdı.
Fabrik kiçik bir şəhərə bənzəyirdi. Üzəri şüşəbənd idi. Darvazadan içəri dəmir
yol çəkilmişdi. İçəridə əlli-altmış vaqon hərəkət edə bilirdi. Yolun sağ və sol
tərəflərinə sıra ilə makinalar düzülmüşdü. Ağ geyimli şöbə müdirləri işçilər
arasında dolaşmada idi. Burası avtomobil fabriki idi. Hər bir makina sırası
müəyyən hissələr qayırmaqla məşğul idi. Birinci sırada makinalara buraxılmış xam
dəmir parçaları son sıralarda hazır avtomobil olaraq vaqonlara yüklənirdi.
Səyyahlar sıralardan birinə yanaşdılar. Bir işçi beş makinanı idarə edirdi.
İşçinin vəzifəsi dəmir parçalarını makinalara qoyub bərkitmək və makina işini
görüb qurtardıqdan sonra makinadan çıxarmaq idi. Avtomat makinalar bir neçə
vəzifə görür: məsələn, kəsib, dəlib hamarlayırdı. İş elə qurulmuşdu ki, işçi beşinci
makinaya xidmət edib döndükdə birinci makina işini qurtarırdı. Nəticədə nə işçi,
nə də makina bir dəqiqə vaxt itirmirdi.
Sandro işçilərin xətər görüb-görməmələri ilə çox maraqlandı:
– İşçilər qəzaya uğrayırlarmı? – deyə sordu.
– Heç vaxt! – deyə müdir cavab verdi, – çünki makinalar son dərəcə
mükəmməl qayırılmışdır. Zəhmətin ağırlığı belə qaib olmuşdur; hər bir ağırlıq
makinaya düşür.
Səyyahlar fabriki gəzdilər. Burada körpə çocuqlar üçün yurdlar, dispanserlər,
sənət məktəbləri, yemək evi, qiraət və kitabxana, hamam gördülər. İşçilərin
soyunduqları yerə baxdılar – burası gözəl bir salon idi. Hər bir işçi üçün bir dolab
qoyulmuşdu. İşçilər burada soyunub yuyunur, təmiz paltar geyib, fabrikdən
çıxırlar. Darvazanın yanında böyük bir qaraj gördülər. Hər bir işçi yaşadığı yerə öz
avtomobilində gedirmiş.
Səyyahları təşyi edən işçiyə müraciət edərək:
– Yoldaş, – deyə Həsən soruşdu, – gündə neçə saat işləyirsiniz?
– Altı saat.
– Neçə il işləyəndən sonra işçilərə təqaüd verirlər?
– İyirmi beş ildən sonra.
– Sonra onları təmin edirlərmi?
– Təbii. Özü və ailəsi dövlət hesabına yaşayır.
Səyyahlar fabriki tərk etdilər. Oradan məktəblərin birisinə getdilər. Məktəb on
beş mərtəbəli bir evdə idi. Məktəbin ətrafı böyük bağla əhatə olunmuşdu. Gənc
onlara anlatdı:
– Burada beş min çocuq təhsil görür. Əlifbadan başlayaraq yeddi il burada
oxuyurlar. Çocuğun nəyə həvəsi çoxdursa son sinifdə bəlli olur. Çocuqları
həvəslərinə görə ayıraraq beş illik məktəblərə verirlər.
Bu məktəb bir çox şöbələrə ayrılır. Buranı qurtaran mükəmməl mütəxəssis olur.
Səyyahlar məktəbi gəzdilər. Siniflərin geniş və təmizliyi, laboratoriya və
kabinələrin mükəmməlliyi, yemək salonu, kitabxana, gimnastika salonu, dispanser
onların heyrətinə səbəb oldu. Tələbələrin sağlam vücudları, təmiz geyimləri və
tərbiyələri nəzər-diqqətlərini cəlb etdi.
Yolda gələrkən uzaqda görünən dağın başında gözləri bir sıra dəmir qüllələrə
çarpdı. Qüllələrin başları buludlarda gizlənmişdi. Bunların nə olduğunu gəncdən
soruşdular. Gənc dedi:
– Bu qüllələr havadakı elektriki toplamaq üçündür. İldırım bizə böyük xidmət
göstərir. Şəhərimizin işığı və fabriklərimizin hərəkəti bu qüllələrə bağlıdır.
Ölkəmizdə belə qüllələr çoxdur. Bu qüllələr gecəyə qələbə çalmışlar. Şəhərdə
gecələr işıqlanmayan bir nöqtə belə yoxdur. Hər tərəfdə işıq parıldayır.
Sandro:
– Belə ucuz enerji ilə yəqin evləri də qızdırırlar.
Gənc:
–Yох, – dedi, – istini günəşin hərarətindən alırıq. Məmləkətin müəyyən
nöqtələrində makinalar qoyulmuş. Bu makinalar yayın hərarətini toplayaraq sıyıq
bir hala salır. Üç ay tədarük olunan hərarət ölkənin doqquz aylıq ehtiyacını
tamamilə ödəyir.
Təyyarəçi:
– İşıq və hərarət nə vasitə ilə gedir? – deyə sordu. – Halbuki şəhərin heç bir
yerində məftil yoxdur.
– Məftil bundan çox əvvəl götürülmuş. İndi məftilə ehtiyac yoxdur. Telefon,
teleqraf, elektrik, hərarət – hamısı hava vasitəsilə gedir.
Radio о qədər tərəqqi etmiş ki, adi həyatımızın hər bir sahəsində işlənir. Fikrimi
anlatmaq üçün sizə bir misal söyləyim. Məhkəmələrimizə şahid dəvət olunmaz.
Hər bir məhkəmədə bir ekran var. İstənilən zaman şahid rəsmi radio vasitəsilə
ekrana gətirilir. Şəkil canlı adam kimi məhkəmənin bütün suallarına cavab verir.
– Şəkil danışırmı? – deyə Həsən heyrətlə soruşdu.
– Təbii, danışır. Şahid üç, ya beş günlük bir məsafədə olsa belə, yenə şəkli, səsi
və ya da sözləri məhkəmə qarşısında nümayiş edir. Şəhərin bir çox yerlərində qoyulmuş iri ekranlar səyyahların nəzərini cəlb etdi.
Bunların üzərində iri hərflərlə "keçmişin güzgüsü" sözləri yazılmışdı. Bir də bu
ekranların birində "Üç əsr əvvəl" sözləri yazıldı, sonra yazı yох oldu. Əvəzində
"Ərdəbil" kəlməsi düzüldü və bundan sonra bir şəkil göstərildi. Sinələri ağ kəfənli
xalq başlarını xəncərlə yarırdılar; bir tərəfdə zəncir vururdular; qara geyimli
camaat başlarına döyərək ağlayırdı… Tamaşaçılar nifrət bəyan edən üzlərini
qırışdıraraq:
– Nə vəhşi zamanlar var imiş, – deyə içlərini çəkirdilər. Bir də ekranda "Köhnə
Azərbaycan" sözü görünərək yох oldu, sonra "Kəndlinin yaşayışı" yazıldı… Motal
papaqlı kəndlilər qara damdan çıxdılar, ağacdan qayrılmış cütləri götürüb, tənbəl
addımlarla yürüdülər. Təzəyə bələşmiş öküzləri qoşmağa başladılar…
Həsən:
– Bu kinodurmu? – deyə gəncdən soruşdu.
– Yох. Bu, keçmişin mənzərəsidir.
– Bilirəm. Oynanmış və ya vaxtilə çəkilmiş şəkildir.
Gənc etiraz etdi və səyyahlara izahat verdi:
– Vaxtilə çəkilməmiş, – dedi, – bu saat çəkilir. Bilirsiniz ki, dünyada heç bir
şey yох olmur. Səslər dalğa ilə havaya yayılan kimi, şəkillər də havaya keçərək
olduğu yerdən uzaqlaşır. Bu şəkillər və səslər müəyyən makina vasitəsilə
uzaqlardan alınır. Makina qüvvətli olarsa, insaniyyətin ibtidai həyatından
başlayaraq yaxın əsrlərə qədər göstərə bilir.
Sandro heyrətlə:
– О səslər dalğası necə şeydir?
– Bu günkü səslər havada dalğalanan kimi, ibtidai səslər də dalğalanmış. Yalnız
fərq buradadır ki, qədim zamanlar vücuda gələn səslərin havadakı dalğa dairəsi
əsrlərdən bəri genişlənərək bizdən uzaqlaşmışdır.
İndiki makinalar ən uzaq dalğaların səslərini alaraq kağız üzərinə qeyd edir.
– Bununla harada məşğul olurlar? – deyə Sandro soruşdu:
– Ayrıca elmi bir müəssisə var. İstəsəniz, görə bilərsiniz.
Səyyahlar yüzlərcə otaqları gəzib başa çıxa bilmirdilər. Bir çoxotaqlarda adam
yох idi. Bütün işləri makinalar görürdü. Bir makina yazır, о biri yazılan kağızları
toplayır, üçüncü tikir, dördüncü cildləyir, beşinci qəfəsələrə düzürdü.
Səyyahlar şüşə qübbəli böyük bir salona girdilər. Burada yüzlərcə alim adamlar
işə məşğul idi. Səyyahları təşyi edən gənc yavaş səslə anlatdı:
– Yazan makinaları gördünüz. Onlar əsrlərin söz və söhbətlərini havadan alıb,
gecə-gündüz yazır. Bu yazılar dil etibarilə ayrılıb, bu müəssisənin cürbəcür
şöbələrinə göndərilir. Hər şöbənin bir neçə mərkəzi salonu var. Bu salon daş
əsrinin indiyə qədər bəlli olmayan dilləri ilə məşğuldur. Yalnız bu şöbədə çalışan
adamların sayı minləri keçir. Səyyahlar başqa bir şöbəyə keçdilər. Buradakılar
şəkillə məşğul idi.
– Bu şəkillər hansı dövrə aiddir? – deyə təyyarəçi soruşdu.
Gənc anlatdı:
– Bu şöbə insanların ovçu dövrü ilə məşğuldur. Bu gözlərimizin qarşısındakı
makinalar о dövrün tipləri və mənzərələrini kağıza köçürür. Şəkillə məşğul olan
şöbələrin sayı yüzdən artıqdır. Ovçu dövrünün yazıları və şəkilləri başqa bir şöbəyə
toplanır. Sonra alimlər bu materiallardan kitablar yazırlar. Sandro dolablara
toplanmış şəkillərdən bir yığın götürüb baxdı. Hamısı rəngli idi. Əlləri yaylı və
oxlu çılpaq adamlar bir çox vəziyyətlərdə çəkilmişdi. Hippopotam ovunu təsvir
edən bir şəkil çox maraqlı idi. Bu dəhşətli heyvan ovçulardan birini pəncəsi altında
əzir, о birisini də iti dişləri ilə didirdi. Yan tərəfdəki ağacın budaqlarında
meymunlar oynaşırdı.
Səyyahlar olduqları yerə gəldilər. Yolda gəncə bir çox suallar verdilər.
Həsən:
– Bir şey məni maraqlandırır, – dedi. – Biz yeyirik, içirik, hoteldə yaşayırıq… Nə
üçün bizdən pul istəyən yoxdur?
– Pul nədir? Pul yüz il bundan əvvəl ləğv olunmuşdur. Bizdə hər kəs çalışır və
hər kəs də yeyir, içir və yaşayır. Bu hər kəsin vəzifəsidir.
Bir adama nə lazım olsa hər bir yerdən ala bilər.
– Müftəmi? – deyə Sandro heyrətlə soruşdu.
– Müftə nə deməkdir? Hər kəs cəmiyyət üçün çalışır və cəmiyyət də onu
bəsləyir. Burada dərin bir məsələ yoxdur.
Səyyahlar bir-birinin üzünə baxaraq gülümsədilər. Gənc bunların heyrətinin
mənasını duyaraq dedi:
– Keçmiş xalqların fəna yaşadığının səbəblərini tarixdə oxuyuruq. Birinin
işləyən, о birinin müftə yeyən olması insanların həyatını pozmuşdur. Biz
işləməyənləri aramızdan çoxdan çıxarmışıq. Əl-ayağı iş tuta bilməyən uşaqlardan
və qocalardan başqa hamı işləyir. İşləməyən adama yemək yoxdur. Bu gün heç kəs
yediyi və geydiyi şeylərdən başqa artıq, lüzumsuz şeyləri toplamır. Bizim
ölkəmizdə yeməkgeymək bir ehtiyac olan kimi, işləmək də bir ehtiyacdır.
İşləmənin məhsulu faydadır. Hər kəs özünün gündəlik faydasını başqasının
faydasına dəyişir. Pula ehtiyac varmı? Bu gün pulun yerini iş və fayda tutur.
– Bu necə ola bilər? – deyə Həsən soruşdu.
– İnsanların bir-birinə hörmət və etibarı var. Yalan, adam aldatma, tənbəllik
və bu kimi fəna sifətlərə biz yalnız tarixdə rast gəlirik.
Gəncin sözləri və şəhərdə gördükləri səyyahları son dərəcə təəccübləndirdi.
Olduqları evə qayıtdıqdan sonra belə, gördüklərinin və eşitdiklərinin təsirindən
qurtara bilmədilər.
Sandro:
– Həsən, – dedi, – mən artıq burada qala bilmərəm. Çünki gecəgündüz çalışan adamların arasında işsiz vaxt keçirmək canımı sıxır.
Halbuki biz hələ bunlardan çox geridəyik. Bu yolda onlardan iyirmi qat artıq
çalışmalıyıq.
Həsən başını tərpətdi:
– Bunlara çatmaq olarmı? – dedi. Sandro qəti səslə:
– Olar. Biz də bunlar kimi adam deyilikmi? Ancaq qarşımızda duran maneələri qırıb atmalıyıq.
– Elə! Elə! – deyə təyyarəçi əlini Sandroya uzatdı. Sandro Həsənin və mexanikin də əllərini əlinə aldı və böyük bir imanla dedi:
– Biz də bunlar kimi yeni şəhər, sosializm şəhəri qura bilərik.
Çünki hər bir şey bizim əlimizdədir, yalnız çalışmaq lazımdır.
О gün səyyahlar təyyarəyə minib qalxdılar və bizim dünyaya uçmağa başladılar.
1933