Gələndə (Şair Nəbi Borçalı)
Gələndə Müəllif: Nəbi Miskin |
Müsəddəs Mənbə: Şair Nəbi Borçalı. Sığındım Mövlaya. Bakı, “Çıraq” nəşriyyatı, 2013 |
Xəstə könlüm şəfa tapdı, sevdiciyim, sən gələndə.
Tökülüb bulud zülfün, qamətinlə tən gələndə.
Gözlərim düşdü gözünə, mən oldum heyran gələndə.
Havalandı, könlüm quşu, huriynən qılman gələndə.
Baharın tər bənövşəsi, ey bağı gülşən, gələndə.
Şikəst könlüm şəfa buldu, bir belə canan gələndə.
Çoxları ziynət verib, düşüb gözəllik bəhsinə,
Yaqutdan irəng alıb, o cəvahir düyməsinə.
Yaxasına zər işlənib, qıfıllanıb sinəsinə.
Xəbər aldım əhvalını, yetik oldum binəsinə.
Kəklik kimi qaqqıldayır, ovçu heyrandı səsinə.
Kiprikləri müjkan oxu, qaşları kaman gələndə.
Nəbinin adətidir, gəşd eliyər mahallara.
Xublarda qayda budur, naz ilə çıxar yollara.
Həvəslə sığal çəkər, əbrüşüm, siyah tellərə.
Mən deyim, siz eşidin, tərifi düşsün dillərə.
Şairlərin qaydasıdı, qiymət qoyar gözəllərə.
Ün düşər çöl-biyabana, ovlağa ceyran gələndə.