Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm
Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm Müəllif: İmadəddin Nəsimi |
Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm,
Qəmindən düşdü zar, istər vüsalından şəkər könlüm.
Qara qaşın hilalını gözümdən ta bəid etdin,
Dutuşdum narə eşqindən, yanar, zari qılar könlüm.
Səqahüm rəbbühüm gəldi dodağından xəbər cana,
Susamışdır, yenə istər ləbindən çeşmələr könlüm.
Cahanda can ilə könlüm vüsalın ixtiyar etmiş,
Zəhi görmüş həqi canım, zəhi sahibnəzər könlüm!
Nə gövhərsən, əya can kim, cahanın bəhrü kanında
Mükərrəm qədrü qiymətlü səni bildi gühər könlüm.
Qəmin narından, ey dilbər, könül qaynar, içim yanar,
Bu rəncü möhnəti gör kim, qəm ucundan çəkər könlüm.
Səbir qılmaq dəvadır der mühübbün dərdinə naseh,
Vəli naseh dəvasından olur hərdəm betər könlüm.
Gəl, ey lütfü nəhayətsiz, məni vəslindən ayırma
Ki, şol ömrüm ki, vəslinlə keçər, ömrə sayər könlüm.
Vüsalından məni ayru, kərəm qıl, qıyma, lütf eylə
Ki, vəslinlə müdam olmaq dilər şamü səhər könlüm.
Gəl ara könlümün için, gör, ey can kim, fəraqından,
Nə acı qüssələr yudar, nə ağular içər könlüm.
Iki aləm mana sənsiz gərəkməz, olmasın hərgiz,
Cahanın hasili sənsən, anı sənsiz nedər könlüm?
Saçın zəncirini məndən fələk çün çəkdi, ayırdı,
Tənim şəhrində sevdadan dəli olmuş, gəzər könlüm.
Xəyalı sevdigim yarın gözümdən gərçi ayrılmaz,
Camalın pərdəsiz görmək dilər açıqbəsər könlüm.
Əzəldə surəti-rəhman üzün şə’nində gördüm çün,
Ilahi surətin daim bu mə’nidən sevər könlüm.
Nəsimi yarını verməz cahanın varına, andan
Keç, ey də’vaçı nadan kim, degildir ol qədər könlüm.