Məzmuna keç

Gəl, ey rahət sanan əsbab cəmin, qılma nadanlıq

Vikimənbə saytından
Gəl, ey rahət sanan əsbab cəmin, qılma nadanlıq
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.174.

Gəl, ey rahət sanan əsbab cəm’in, qılma nadanlıq,
Təriqi-fəqr tut kim, fəqr imiş aləmdə sultanlıq.

Murad ər səltənətdən kami-dildir, nəfsə tabe’ sən,
Nə hasil səltənət adilə qılmaq bəndəfərmanlıq.

Pərişanlıqdan, ey xəlqi-cahan, siz cəm edin xatir
Ki, mən cəm eylədim hər qanda vardır bir pərişanlıq.

Nə tale’dir bu kim, aləmdə ağaz etmədim bir iş
Kim, ol işdən sərəncam etmədim, hasil peşimanlıq.

Mənə zülmi-sərih ol kafər eylər, kimsə mən’ etməz,
Füzuli, küfr olurmu gər desəm yoxdur müsəlmanlıq?