Məzmuna keç

Gəl-gəl (Ağdabanlı Qurban)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəl-gəl
Müəllif: Ağdabanlı Qurban
Mənbə: "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2012. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18.

Tez gəl, a mehriban, tez gəl, amandı,
Dilimin, zikrimin əzbəri, gəl-gəl.
Aləm ağ günəşdi, könlüm dumandı,
Sənsən işiqladan göyləri, gəl-gəl.

Az qalıb əlimdə alışa sazım,
Göydə durnaları saxlar avazım.
Qayada kəkliyim, çaylarda qazım,
Göllərdə yaşılbaş nazpəri, gəl-gəl.

Gözlərin qaradı, telin burmadı,
Sözlərin kişmişdi, dilin xurmadı.
Getdi əqli-huşum, ürək durmadı,
Quruldu ədalət məşəli, gəl-gəl.

Söyüdlü çayında, Qonur dağında,
Sonalar, mələklər solu, sağında.
Suyu şərbət olan buz bulağın da,
Kişmişi, xurması, şəkəri, gəl-gəl.

Qurban həm aşıqdı, həm də ki, şair,
Haqqın hər vergisi bəndəyə dair.
Mən dəli-divanə, sən müqəddəs pir,
Olmamış ruh xəstə, sərsəri, gəl-gəl.