Gəldi (Xəstə Qasım)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gəldi Müəllif: Xəstə Qasım |
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06. |
Əvvəl, əvvəl bu dünyaya,
Adəm ata, həva gəldi.
Hökm olundu ilahidən,
Yerə abır, həya gəldi.
Kimlər idi qıldı sayə?
Kimlər əl götürdü xudayə?
Məhəmməd Əl Mustafayə,
Kəlmə- kəlmə ayə gəldi.
On iki dəstədi gülümüz,
Kəlmə gətirdi dilimiz.
Şahı mərdandı pirimiz,
Salman ona dayə gəldi.
Xəstə Qasım tutar yası,
Silinsin könlümün pası.
Behiştin bir dəst libası,
Fatimeyi Zəhraya gəldi.