Gəldi bir qaşı kaman yanıma göyçək-göyçək
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçək Müəllif: Sədi Sani Qarabaği |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçək,
Atdı müjgan oxunu canıma göyçək-göyçək.
Kirpiyin çaldı, nəzər eylədi süzgün-süzgün,
Batdı tiri-müjəsi qanıma göyçək-göyçək.
Dağılıb daireyi-arizə zülfün, zülfün,
Baisi-səbri-pərişanıma göyçək-göyçək.
Dəstə-dəstə tökülüb gül yüzə tellər, tellər.
Çəkdi ləşgər dili-viranıma göyçək-göyçək.
Nola insafa gələ ol şəhi-xuban, xuban,
Tutub ərzim, yetə divanıma göyçək-göyçək.
İstərəm bir şəhi-zərtəxt Qarabağ üzrə,
Basmağa möhrünü fərmanıma göyçək-göyçək.
Gövhəri-şerə mütəlla edərəm mədh içrə,
Gəlsə kim, təbi-gühərkanıma göyçək-göyçək.
Ey səba, eylə güzər töhfeyi-canı, canı,
Ərz qıl xidməti-cananıma göyçək-göyçək.
Bir şəhin dərgəhi-kuyində gəda olmağım,
Verdi artıqlıq əcəb şanıma göyçək-göyçək.
Küfri-zülfün məni zünnarpərəst qıldı, qıldı,
Saldı qəm rəxnəsnı imanına göyçək-göyçək.
Ruzi-əvvəldə fəda eyləmişəm, ey Sədi,
Canımı boylə gözəl xanima göyçək-göyçək.