Gəldi yenə əyyami-əza, mahi-Məhərrəm

Vikimənbə saytından
Gəldi yenə əyyami-əza, mahi-Məhərrəm
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 42

Gəldi yenə əyyami-əza, mahi-Məhərrəm,
Ey şahi-bəla, ey şərəfi-zümreyi-adəm,
Göylər də mələklər də tutarlar sənə matəm,
Ərş üzrə asıblar qara matəm ələmindən.

Get şükri-Xuda qıl, tanıyırsansa Hüseyni,
Min həmdü-səna qıl, tanıyırsansa Hüseyni,
Et səcdə, dua qıl, tanıyırsansa Hüseyni,
Get öp ananın pak, mübarək qədəmindən.

Xəlq eylədi nurdan böyük Allahım Hüseyni,
Mən bilmişəm üqbada ümidgahım Hüseyni,
Hər kim ki gözəl mədh eləyər şahım Hüseyni,
Məşhərdə mələklər şahı öpsün qələmindən.

Ey süflə fələk, sən elədin min qəmi peyda,
Səndən nə cəfa çəkdi ciyərguşeyi-Zəhra,
Ey körpə Rüqəyyanı salan çöllərə tənha,
Ey Zeynəbi bimar eləyən hicr qəmindən.

Ey sərvərim, ey saqiyi-meyxaneyi-vəhdət,
Sənsən bizim ümmid yerimiz ruzi-qiyamət,
Lütf eylə bu ləb təşnələrə cami-şəfaət,
Bir damla əta et bizə dərya kərəmindən.

Ey baği-imamət gülü, aləm sənə aşiq,
Ey ruhu-Əli, cani-Rəsul, fəxri-xəlayiq,
Min zülmə əyilməz başa ox, nizə nə layiq,
Şahım, o başa tac yaraşar möhtəşəmindən.

Ol Kərbübəla gör nə fəzilətli məkandı,
Ən ali ziyarət yeridi xeyli zamandı,
Ya Rəbb, bu nə möcüz, bu nə əsrari-nihandı,
Öpdükcə könül doymur Hüseynin hərəmindən.

Bir yanda Hüseyni yaralı, Zeynəbi yorğun,
Bir yanda Əbəlfəzl gözündən tökülür xun,
Bir yanda kiçik qız balalar çöhrəsi çolğun,
Zəhranın "əlif" qamətini etdi bu qəm "nun",
Dərdli analar məlum olar qəddi-xəmindən.

Allahdan ümid kəsmə, ey şairi-rüsva,
Bir məşhur hədis var, buyurur Həzrət Mövla:
Kim Əhli-Beyt şəninə bir beyt edər inşa,
Cənnətdə bir ev bəxşiş alar möhtərəmindən.