Gəldim Gəncəyə
Görünüş
Gəldim Gəncəyə (1908) Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27. |
1906-cı ildə
Gəldim Gəncəyə AT ilində.
Qalxdım Dilbozun tərkinə mən,
Keçdim düzlərdən, boz çöllərdən;
Qotazlı atı sürdüm də, gəldim,
Gəncəyə könül verdim də, gəldim!
Oxumaqdı ancaq diləyim,
Şəmkirdə qalmışdı ürəyim.
Anam da mənlə köçdü gəldi,
Nə mən yatdım, nə o dincəldi.
Zərrabıda qaldıq ilk gündən,
Sahibi getmişdi öyündən.
Sanki düşmüşdük evimizə,
Dəyib dolaşan yoxdu bizə.
Anam işləyər, mən oxuyardım,
O, xalı, mən şeir toxuyardım.
Günümüz keçərdi ağlı, qaralı,
O, ərindən, mən atamdan yaralı.
Yadımdan heç çıxmaz, o gəldiyim gün,
Başlandı tarixi mənim ömrümün!..
Gəncə, 1908, 9 sentyabr