Gəleyir

Vikimənbə saytından
Jump to navigation Jump to search
Gəleyir (XVII əsr)
Müəllif: Qaracaoğlan
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Şükür olsun o xudaya,
Yenicə yazlar gəleyir.
Muştuluq sənə söyüdlər,
Kölkənə qızlar gəleyir.

Gəlir bir bölük göyçəklər,
Ağ üzdə qara birçəklər,
Bağçada əlvan çiçəklər,
Dərməyə nazlar gəleyir.

Gəlir bir bölük gözəllər,
Ağ üzə inçi düzəllər.
Bağçada əlvan xəzəllər,
Döşənin, nazlar gəleyir.

Gəlir ax, yatmalı çağlar,
Gul reyhan qonçalı bağlar.
Qarşıdakı qarlı dağlar,
Yol verin nazlar gəleyir.

Qaracaoğlan dilək dilər,
Yaylıq alıb gözun silər.
Kafirdən qalma körpülər,
Bərk durun, nazlar gəleyir.