Gəlibdi (Aşıq Alı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlibdi
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.364 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)

Məndən salam olsun arif olana,
Bizdən əvvəl hansı canlar gəlibdi?
Kim nə dedi, kim nə gətdi, payladı?
Nəfəsi yox din-imanlar gəlibdi.

O kim idi, nədən hasar eylədi?
O kim idi, ona nisar eylədi?
O kim idi, həqiqəti söylədi?
Onu bilən o qılmanlar gəlibdi.

Yüz otuz başı var, haxdan gəlibdi,
Yüz on dörd yaşı var, arif bilibdi.
Aşıq Alı bu hesabı bölübdü,
Bundan əvvəl nə fərmanlar gəlibdi?!