Gəlin (Əhməd Cavad)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlin (Əhməd Cavad)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad (2005). Seçilmiş əsərləri (az). Şərq-Qərb. Orijinal mənbədən 2018-09-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2018-09-27.

Ey süzgün gözləri səhər yıldızı,
Pərişan telləri yasəmən gəlin!
Gözəllər səcdəsi gətirdiyin din,
Girdim sizin dinə bir də mən, gəlin!

Hər yetən naz etdi, qatlandım naza,
Könül verdim hər boş söhbətə, saza!
Sallan ki, can quşu çıxsın pərvaza,
Pərişan olsun qoy hər görən, gəlin!

“Sənsizlikdir” bənim bitməyən dərdim!
Bitməyən dərdimlə mən senə gəldim!
Gülən dodaqlardan mən bir gül dərdim,
Saxlanmış qəlbimdə istərsən, gəlin!

Sığmaz ikən ruhum geniş torpağa,
Gəlmiş hüzuruna bir qul olmağa!
Gözəllik bir çiçək, məhkum solmağa,
Soldurma boş yerə onu sən, gəlin!
Gəncə, 1916, 6 iyun