Məzmuna keç

Gəlin (Aşıq Qurbani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlin
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Yolunu salıbsan çeşmə başından,
Qorxuram gələsən nəzərə, gəlin!
Əgər qəbul etsən bu şirin, canı,
Verrəm qurban sən tək gözələ, gəlin!

Qızılgülü dəstə tutub dərgilən,
Dəribəni pünhan yerdə sərgilən,
Ağ üzündən bir cüt busə vergilən,
Qəribəm, könlümü təzələ, gəlin!

Yazıq Qurbanini dərdli yazgilən,
Hər cür cəfasma, cəbrə dözgilən,
Öz əlinlə məzarını qazgilən,
Qoy məzara, özün dəfn elə, gəlin!