Məzmuna keç

Gəlir (Bayat Abbas)

Vikimənbə saytından
Gəlir
Müəllif: Bayat Abbas
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5


Hüsnün tək acılmaz çəməndə hər gül,
Necə can vermədi vəslinə bülbül,
Camalın şəminə yandı mürği-dil,
Necə kim şöləyə pərvanə gəlir.

Badi-səba müjdə vermiş güllərə,
Bağça barın tökmüş sağa-sollara,
Nərgiz gözətçi durmuş baxar yollara,
Eşitmiş ki, canan seyrana gəlir.

Kimin vardır sən tək gülüzlü yarı
Mən tək şikəstədir aşiqi-zarı,
Sən İsmayıl guyunun mina bazarı
Bayat Abbas ona qurbana gəlir.