Gəlir xəyalın hər gecə, nə yaxşı dindirir məni

Vikimənbə saytından
Gəlir xəyalın hər gecə, nə yaxşı dindirir məni
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 74

Gəlir xəyalın hər gecə, nə yaxşı dindirir məni,
Xəyal da olsa xoş gəlir, bir az sevindirir məni.

Kədərli yoldu hər biri üzümdəki qırışların,
Gülüm, qan etdi bağrımı tikanlı davranışların,
Üşütdü qəmli ruhumu soyuq-soyuq baxışların,
İçimdə həsrət atəşi, yanıb isindirir məni.

Əzizim, həsrətin mənə şirin gəlir vüsal kimi,
Düşür o günlərim yada nağıl kimi, xəyal kimi,
Sənin yolunda, sevgilim, ölüm şirindi bal kimi,
Əcəl məgər nə qüvvədir, deyim çəkindirir məni?

Bu çərxi bərbad olmuşun yedik qəmi-cəfasını,
Nə görmədik vəfasını, nə dadmadıq səfasını,
Yaraşdırır fələk mənə bu yaşda qəm libasını,
Nə yaxşı zövqü var bunun, əcəb geyindirir məni.

İçimdə ney kimi nəva, gözümdə nəm, səsimdə qəm,
Yazanda ayrılıq sözün əlimdə od tutur qələm,
Çətindi ayrılıq yükü, çəkən bilir nədir bu qəm,
Dizin-dizin, sürüm-sürüm yıxıb süründürür məni.