Gəlmədi (Aşıq Abbas Tufarqanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlmədi
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Aşıq Abbas Tufarqanlı. Həyatı və yaradıcılığı — edebiyyat-az.com saytı


Oğrun yollara baxmaqdan,
Bağrım qan oldu, gəlmədi.
Ağlamaqdan eynim yaşı,
Bir ümman oldu, gəlmədi.

Mənim yarım boyu bəstə,
Dərdindən olmuşam xəstə,
Gözüm qalıbdı yol üstə,
Yenə dan oldu, gəlmədi.

Dağların qarı söküldü,
Axdı, çaylara töküldü,
Abbas deyər, bel büküldü,
Qədd kaman oldu, gəlmədi.