Gəlmədi (Aşıq Məhərrəm Alçalı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlmədi
Müəllif: Aşıq Məhərrəm Alçalı
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Ey gözəl, səni təhrində
Huri, qılman gəlmədi;
Yıxdın könlümün evini,
Oldu viran, gəlmədi;
Açılsın mah camalın,
Qoy olsun bayram günü;
Cümlə cahan həsrət çəkir
Mahi-ruhan gəlmədi.

Düşdü eşqin ataşına,
Yandı səməndər kimi;
Söz sinədə cuşa gəldi,
Cəm oldu dəftər kimi;
Heç mahalda ustad yoxdu.
Aşıq Ələsgər kimi;
Yüz yerdən qətrə oynadı,
Belə ümman gəlmədi.

Məhərrəməm, əzbərimdi
Sirri-sübhan ibtida;
Ondan münkir olan kimsə.
Məhşərdə tapmaz cada;
Müxənnətə bel bağladım.
Zəhmətim getdi bada;
Bağlandı namərd kisəsi„
Daha dövran gəlmədi.