Məzmuna keç

Gəlmədi (qoşma, Aşıq Abbas Tufarqanlı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlmədi
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Başma döndüyüm, qurban olduğum,
Hara getdi baxtı qara, gəlmədi?
Bülbül uçdu, soldu gülün yarpağı,
Qismət oldu qönçə xara, gəlmədi.

Şah hökmüylə xan üstünə xan getdi,
Ağlar didəm, yaş yerinə qan getdi,
Qol boşaldı, dil dolaşdı, can getdi,
Axır apardılar dara, gəlmədi.

Abbas deyər: bu ad yaman ad oldu,
Cismim atəş, qoynum dolu od oldu.
Mən can dedim canan məndən yad oldu,
İndi uzaq düşdü ara, gəlmədi.