Məzmuna keç

Gəlməsin (Xəyyat Mirzə)

Vikimənbə saytından
Gəlməsin
Müəllif: Xəyyat Mirzə
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

  
Yaqutdan, yəməndən, ləldən, gövhərdən,
Yük tutmayan bu bazara gəlməsin!
Bir xeyir ummasın bizim diyardan,
Gəlsə də düşəcək dara, gəlməsin!

Əgər bu meydana gəlsə də hər kəs,
Üz-üzə mənimlə çəkə bilməz bəhs,
Deyişmə başlanıb ucalanda səs,
Qərq olar atəşə, nara gəlməsin!

Ustaddan dərs alıb sürməyən səfa,
Arif məclisində çəkəcək cəfa,
Əsəd, Nəcəf, Ələsgərdən məsafa
Qeyri aşıq bu diyara gəlməsin!

Ariflər əyləşib, el düzüləndə,
Dərya dalğalanıb, göl düzüləndə,
Sərraf seçiləndə, ləl düzüləndə,
Olacaqdır bağrı para, gəlməsin!

Alimlər əyləşib, biz yoxlananda,
Xəyyat Mirzə qorxmaz yüz yoxlananda,
Ustadlar seçəndə, söz yoxlananda,
Düşəcəkdir, boran, qara, gəlməsin!