Gəlmişəm (qoşma, Aşıq Qurbani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlmişəm
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Gəncə dağlarından, uzaq ellərdən,
Əlbəttə ki, bir murada gəlmişəm.
Eşqin sitəmindən, çərxin əlindən,
Bir şahım var, ona dada gəlmişəm.

Fərağat evimdə otduğum yerdə,
Oxuyub elmimə çatdığım yerdə,
Bir şirin yuxuda yatdığım yerdə,
İçiriblər mana bada1, gəlmişəm.

Bülbül idim, ayrı düşdüm gülümdən.
Fələk vurdu, cida saldı elimdən,
Qurbaniyəm, Qara Vəzir əlindən,
Şah oğluna şikayətə gəlmişəm.