Məzmuna keç

Gəlsin, gəlməsin (Mirzə Mehdi Şükuhi)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlsin, gəlməsin
Müəllif: Mirzə Mehdi Şükuhi
Mənbə: Mirzə Mehdi Şükuhi. Şeirlərazadliq.org saytı. Yayımlanıb: 13.07.2014

Bir deyən yoxdur o məhcəmalə
Aşiqi-nalan gəlsin, gəlməsin?
Həsrəti çoxdur bəzmi-vüsalə,
Bu didəgiryan gəlsin, gəlməsin?

Aşiqi-zarın gülşəni-nazə
Gəlibdir, səndən istər icazə.
Buyur bir görüm, ey güli-tazə.
Nə oldu fərman, gəlsin, gəlməsin?

Aşiqin sənsiz didəgiryandır,
Lalətək bağrı qüssədən qandır.
Hər nə hökm etsən, bəndəfərmandır,
Ey şəhi-xuban, gəlsin, gəlməsin?

Aşiqin sənsiz bil şadlıq etməz,
Ölüncə səndən əl çəkib getməz,
Heç kəs öz yarın belə sinsitməz,
Ey sənə qurban, gəlsin, gəlməsin?

Bülbüli-zarın ruzi-ələstdən,
Nalə çəkməkdən düşdü nəfəsdən,
Ha elə-belə künci-qəfəsdən,
Naləvü-əfğan gəlsin, gəlməsin?

Çox yubandırma, gəl səni tari,
Xaki-dərində Naşiyi-zari,
Di qurtar, kafir, bu biqərari,
Öldü müsəlman gəlsin, gəlməsin?