Gəlsin (Abdulla Şaiq)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gəlsin (1940) Müəllif: Abdulla Şaiq |
İstəkli tələbəm Ruhulla Axundova |
O gün olsun bağrıma sevgili yarım gəlsin!
O könüllər diləyi, qönçə üzarım gəlsin!
Çən, dumandan o gün olsun ki, silinsin vətənim,
Dan şəfəqli səhərim, güllü baharım gəlsin!
Ərisin, qalmasın artıq bu könüllərdə kədər,
O gün olsun diləyim, bilgi, şüarım gəlsin!
Sönməsin ölkəmizin canlı o şənlik çırağı,
Hörməti, şan-şərəfim, bilgi, vüqarım gəlsin!
O gün olsun ki, axışsın bütün el təbrikə,
Köməyim, qol-qanadım, əldə tutarım gəlsin!
O gün olsun ki, yenə qaynasın el, coşsun el,
Bizə şadlıq gətirən güllü qatarım gəlsin!
O gün olsun qoca Şaiq nəfəs alsın şən-şən,
O könüllər diləyi, sevgili yarım gəlsin!