Gəlsin (Fatma)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gəlsin Müəllif: Fatma |
Qəni Mövlam səndən dilək eylərəm,
Mənim əfəndimə bir yol ver, gəlsin.
Ömür keçdi, belə günü neylərəm,
Mənim əfəndimə bir yol ver, gəlsin.
On beş aydır gözləmişəm yolları,
Rəvan oldu, axdı çeşmim selləri,
Aman Allah, sən sevindir qulları,
Mənim əfəndimə bir yol ver, gəlsin.
Məlaiklər yaşıl əba gətirsün,
Ənbiyalar müşkül işim bitirsün,
Qədir Allah səni bizə yetirsün,
Mənim əfəndimə bir yol ver, gəlsin.
İsmayıl payinə üzünü sürtər,
Qüssələr buz verib, günbəgün artar,
Düşməmiş səhraya Məcnundan betər,
Mənim əfəndimə bir yol ver, gəlsin.
Ağlamaqdan cigər dönübdü qanə,
Təbib yoxdur, dözüm dərdi-hicranə,
Əfəndim gəlməsə, ollam divanə,
Mənim əfəndimə bir yol ver, gəlsin,
Dağlar başı duman imiş, qar imiş,
Müxlisivün işi ahu-zar imiş,
Bu məclisdə övliyalar var imiş,
Mənim əfəndimə bir yol ver gəlsin.
Ərzimi yazmadım xana, soltana,
Bağladım sidqimin qadir Sübhana,
Fatmayam qapuva gəldim dərmana,
Mənim əfəndimə bir yol ver, gəlsin.