Gəncə (Molla Abbas Şölə)
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Gəncə Müəllif: Molla Abbas Şölə |
Gəl, ey aləm ara qəmxanə Gəncə,
Dönübsən məhbəsü zindanə, Gəncә!
Əgərçi zahirən abad olubsan,
Olubsan batinən viranə Gəncә!
Sənin üstündə çox qanlar tökülmüş,
Binayi-dəhrdən piranə Gəncә!
Gəhi Osmanlının, gəh Rusun oldun,
Nəsib oldun gəhi İranə, Gəncә!
Bu çərxin qafil olma gərdişindən,
Olur dövran yenə dolanə, Gəncә!
Yəqin et, səndə heç bir qəlb açılmaz,
Gedə gər bağ ilə bostanə, Gəncә!
Olur şad ol zamanda kim, ayağın
Qoyar bir məscidə, meydanə, Gəncә!
Bina tutmaz birisi səndə yayda,
Atarsan hər birin bir yanə, Gəncә!
Ədəb, hörmət aradan oldu nabud,
Çü fayton gəldi bu meydanə, Gəncә!
Keçənlər öldü qurtardı, yerindən--
Ki, biz gəldik yaman dövranə, Gəncә!
Həqiqət Qafqazdə şəm idin sən,
Cəmii-şəhrlər pərvanə, Gəncә!
Sədaqətlə rəfaqət itdi, getdi,
Dönüb işlər hamı yalanə, Gəncә!
Lisanlar cümləsi təğyir olundu:
"Pajalusta" olub qurbanə, Gəncә!
Məqamı kəfşkən kəslər keçərlər
Necə gör sədrə bir şahanə, Gəncә!
Olar kim, beş qruşa yalvarırdı
Deməzlər indi pul milyonə, Gəncә!
Nə günlər səndə gördüm bundan əqdəm,
Həzaran heyf ol dövranə, Gəncә!
Ağardı baş, dişim səndə töküldü,
Məni həsrət qoyubsan nanə, Gəncә!
Olar kim, tülküdən eylərdilər xövf,
Dönüblər şir ilə aslanə, Gəncә!
Tamam iftardə paprus çəkərlər,
Olubdur çün əvəz qəlyanə, Gəncә!
Əcəb iftar, əcəb ruzə, əcəb rəsm,
Şəriət düşdü çox nöqsanə, Gəncә!
Gözüm yaşı bu ruxsarə rəvandır
Gedəndə səmti-qəbristanə, Gəncә!
Çəkər meydanü məscid iştiyaqi,
Gedəndə Şölə Hayestanə, Gəncә!