Gərəkdir (Aşıq Hüseyn Bozalqanlı)
Görünüş
Gərəkdir Müəllif: Aşıq Hüseyn Bozalqanlı |
Mənbə: "Aşıq Hüseyn Bozalqanlı", "Ozan dünyası" jurnalı, № 2(13), 2013. səh.19-21. |
Şair olub şeir, dastan yazanın,
Ellərin qəlbində yeri gərəkdir.
İncidən, sədəfdən, ləli-gövhərdən,
Sərrafın dəstində zəri gərəkdir.
Ustaddan dərs alıb, səfa sürməyə,
Haqqı, ədaləti aşkar görməyə,
Arif məclisində cavab verməyə,
Sənətkara zəhmət təri gərəkdir.
Arzusu, diləyi həqiqət üçün,
Səmimiyyət üçün, sədaqət üçün,
Bəşəriyyət üçün, məhəbbət üçün,
Qüdrətdən ilhamı, şeiri gərəkdir.
Eşqin dəryasına dalan aşiqin,
Ürəklərdə məskən salan aşiqin,
Tarixlərdə izi qalan aşiqin,
Sinəsində söz dəftəri gərəkdir.
Aşıq Hüseyn qəlbi şad qoyub gedə,
Kəlməsi dəhanda dad qoyub gedə.
Öləndə dünyada ad qoyub gedə,
Qəbri əsrlərin piri gərəkdir.