Gərəkməz
Görünüş
| Gərəkməz Müəllif: Şah İsmayıl Xətai |
| Mənbə: Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. s.334. |
Gəlib ixlas ilə yola gedənin
Zərrəcə könlündə güman gərəkməz.
Sil-süpür qəlbini, evin pak eylə,
Mö’minin aynası duman gərəkməz.
Birnin iki yerdə gər əli olsa,
Faydası olmaz ol gər Əli olsa.
Müsahibdən gizli dal yeri olsa,
Ondan sənə hələn iman gərəkməz.
Müsahib, mürəbbi yolda bir kişi,
Dili söylər, amma degildir işi,
Çünki baş etməzsən tutduğun işi,
Ər yükü gövhərdir, saman gərəkməz.
Can Xətayim aydır: – Düşürdün dərdə,
Zavallı sufidən qalxmayır pərdə,
Gördün ki, bir loğma gəldi bir yerdə,
О loğma cig isə, yemən gərəkməz.