Məzmuna keç

Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərd

Vikimənbə saytından
Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərd
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.96.

Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərd,
Gəh sirişki-al edər izharü gəh rüxsari-zərd.

Sübhə bənzər aşiqi-sadiq, demən aləmdə kim,
Bir nəfəs keçməz ki, çəkməz suzi-dildən ahi-sərd.

Yaxşı sanma, ey könül, əhli-xirəd ətvarını,
Olma qafil, eşq dərdindən, yaman olmaz bu dərd.

Mümkün olduqca fələk mənsubəsindən qıl həzər,
Nişə kim, xali degil bidad nəqşindən bu nərd.

Zülməti-qəm iztirabin çəkməz ol azadə kim,
Hər təəllüqdən ola xurşid tək aləmdə fərd.

Ey Füzuli, kəsmə ol məhvəş vüsalindən ümid,
Səbr qıl kim, dövr dövranı degil bihudəgərd.