Gah gözdə, gəh könüldə xədəngin məkan tutar

Vikimənbə saytından
Gah gözdə, gəh könüldə xədəngin məkan tutar
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.104.

Gah gözdə, gəh könüldə xədəngin məkan tutar,
Hər qanda olsa qanlını, əlbəttə, qan tutar.

Dil çəksə, nola, canü təni xaki-kuyinə,
Xarü xəs iltər onda ki, quş aşiyan tutar.

Zikri-ləbinlə zülfünə can buldu dəstrəs,
Onun kimi ki, oxuyub əfsun ilan tutar.

Dil tutdu qönçə ilə bərabər dəhanını,
Bu əqli-naqis ilə özün xurdədan tutar.

Xurşid xirməninə ura şö’lə-şö’lə od,
Ahım ki, ləhzə-ləhzə rəhi-asiman tutar.

Can eylədikdə meyli-təmaşayi-qamətin,
Göz rövzənin sirişki-rəvanım rəvan tutar.

Tutmaq dilər qapında Füzuli məqam, leyk
Bu sirri kimsəyə aça bilməz, nihan tutar.