Məzmuna keç

Gedəcək

Vikimənbə saytından
Gedəcək
Müəllif: Aşıq Mirzə Bilal
Mənbə: "Mirzə Bilal (1872-1937)" (az.). shahbulaq.az. 07.01.2015. İstifadə tarixi: 2015-05-02.

   
Dəli könül, heç ahu-zar eləmə,
Hər iş qaydasında keçib gedəcək.
Dünyanı dördəlli qamarlayanlar,
Əcəl şərbətini içib gedəcək.

Qapında var olsa süfrəndə aşın,
Dostların çoxalar, ucalar başın.
Bədbəxtlik üz versə, qohum-qardaşın,
Hərəsi bir yana qaçıb gedəcək.

Sirrini söyləmə vəfasızlara,
Xəyanət eyləyər əhdə, ilqara.
Yalançı dostunu çəksələr dara,
Sirrini aləmə açıb gedəcək.

İstər nökər olsun, istər hökmdar,
Dünyada hər kəsin ömür payı var...
Bir gün də gələcək Bilal dili-zar,
Bu fani dünyadan köçüb gedəcək.