Məzmuna keç

Gedər (Cəfərqulu xan Nəva)

Vikimənbə saytından
Gedər
Müəllif: Cəfərqulu xan Nəva
Qasım bəy Zakirə

Qasım bəy, adətdir, xan qulluğuna
Bir kəs atlı gəlsə, piyada gedər,
Mən deyiləm, aləmdə var, eldə var,
Belə cüzi işlər arada gedər.

Burada bir başmaq olub zərərin,
Qələm alıb yazdın zəmmin bu dərin,
Zalım, yoxdur məgər sənin xəbərin,
O dərdən kim, aləm fəsada gedər?

İndi belə görmə Adıgözəli,
Səndən qıvraq idi onun əzəli.
Hər zaman ki, durub yola düzəli,
Yenə bədov atdan ziyada gedər.

Gədə, saf azıbdır əməlin sənin,
Mədənisən təqəllübün, fitnənin.
Sən neçün bilməzsən, bağlı gələnin
Ayağı açılıb piyada gedər?!

Oğlan, lap çıxıbsan sən əndazədən,
Neylər, hələ gedəcəksən yazədən,
Köhnə oğurlandı, tikər tazədən,
Bir adam yollaram ustadə, gedər.